Mətbuat açıqlaması

InterFood Azerbaijan - May ayının 21-də “WorldFood Azerbaijan 2015” sərgisi öz qapılarını açacaq.

May ayının 21-də “WorldFood Azerbaijan 2015” sərgisi öz qapılarını açacaq.

20.05.2015

Mətbuat açıqlaması

 

May ayının 21-də ənənəvi Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2015” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. Keçirildiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi yerli və xarici istehsalçılar üçün qida məhsulları bazarında bələdçi olmaqla yanaşı, sənayenin bir çox hazırkı lideri üçün Azərbaycan bazarında fəaliyyətin başlanğıc nöqtəsinə çevrilmişdir. Sevindirici haldır ki, sərgi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin elan etdiyi “Kənd Təsərrüfatı İli”nə həsr olunmuş Tədbirlər planına daxil edilib. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” sərgisinə dəyərli dəstək göstərir.

Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və açıq meydançasını əhatə edir. Bu il sərgi şirkətlərin sayına və əhatə etdiyi əraziyə görə 15% artım nümayiş etdirməklə, dünyanın 33 ölkəsini təmsil edən 151 şirkəti bir arada toplayacaq. Eksponentlərin ümumi sayının 26%-ni təşkil edən yerli istehsalçı və distribyutorlar da böyük fəallıq göstərirlər. Sərginin daimi yerli iştirakçıları arasında ölkənin aparıcı müəssisələri – “Atena”, “Azersun Holding”, “Caspian Construction Systems”, “BMS Agro”, “Qəbələ konserv zavodu”, “Metak” və digər şirkətlər yer alır. Azərbaycan şərabçıları ilk dəfə olaraq müştərək stendlə çıxış edəcək və bu stenddə Azərbaycanın 9 şərab zavodunun ən yaxşı məhsulları təqdim ediləcək.

Hər il sərgi yeni iştirakçıları cəlb edir. Bu il Azərbaycan, Amerika Birləşmiş Ştatları, Əlcəzair, Çexiya, Niderland Krallığı və digər ölkələrin şirkətlərindən ibarət olan debütantlar sərgi iştirakçılarının 40%-ni təşkil edir. Sərgidə fərdi stendlərlə yanaşı, 5 xarici kollektiv ekspozisiya da yer alır. Argentina, Avstraliya, Belarus, Litva və Polşanın müəssisə və fabriklərinin nümayəndələri sərgi ziyarətçilərinə istər uzun illər sevilən, istərsə də Azərbaycan bazarı üçün yeni olan məhsullarını təqdim edirlər. Milli stendlərin bu cür fəal iştirakı “WorldFood Azerbaijan” sərgisinin beynəlxalq qida məhsulları bazarındakı nüfuzunu bir daha təsdiq edir.

Ümumilikdə, iştirakçılar öz məhsullarını üç əsas istiqamət üzrə təqdim edirlər: “Qida sənayesi” (“WorldFood”), “İçkilər” (“WorldDrink”) və “Texnologiyalar” (“WorldFoodTech”). Sərgi “Kənd Təsərrüfatı İli”ndə qida sənayesi üzrə yeni məhsulların geniş çeşidini təqdim edir. Sərginin ümumi ekspozisiyasında balıq, mal / qoyun və quş əti, çay və qəhvə, süd məhsulları, dondurulmuş qidalar, quru meyvələr, baqqaliyyə, qənnadı və un məmulatları, meyvə-tərəvəz məhsulları, konservlər, soyuducu sistemlər, çörəkxanalar üçün avadanlıqlar, qablaşdırma avadanlıqları və digər məhsullar təqdim olunacaq. Sərgi ziyarətçilərini ən yaxşı avadanlıq istehsalçıları və qida sənayesindən təqdimatlar, habelə ustad dərsləri və çoxsaylı maraqlı təkliflər gözləyəcək.

Artıq ardıcıl olaraq bir neçə ildir ki, “WorldFood Azerbaijan” sərgisi ilə eyni vaxtda keçirilən Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” “Ipack Caspian 2015” sərgisi “qablaşdırma” sektorunu təqdim edir. Bu il Azərbaycan, BƏƏ, Türkiyə, Çexiya və digər ölkələrin şirkətləri qablaşdırmanın istehsalı üçün lazımı dəzgah və avadanlıqları, habelə qablaşdırma materialları və hazır məhsulları, eləcə də etiketləmə məhsullarını təqdim edirlər.

Sərginin işgüzar proqramı çərçivəsində 22 may tarixində saat 11:00-dan 16:30-a qədər Bakı Ekspo Mərkəzində “Made in Poland” (“Polşada istehsal olunub”) adlı konfrans təşkil olunacaq. Konfransda Polşa şirkətlərinin təmsilçiləri çıxış edərək kənd təsərrüfatı və qida sənayesi üçün dəzgah və avadanlıqlar istehsal edən Polşa şirkətlərinin ixrac imkanlarını, eləcə də Polşanın kənd təsərrüfatı məhsullarının ixrac potensialını müzakirə edəcəklər. Konfransın proqramı çərçivəsində Polşa şirkətlərinin Azərbaycan bazarında təklif etdikləri məhsulların dequstasiyası planlaşdırılır.

“WorldFood Azerbaijan 2015” sərgisi çərçivəsində sərginin xarici iştirakçıları və şəhərin qonaqlarını Azərbaycan mətbəxi və onun zəngin koloriti ilə tanış edən “Food Gallery by Nubar Hasanova” (“Nübar Həsənovanın “Qida” qalereyası) adlı fotosərgi maraqlı və yeni bir hadisəyə çevriləcək. Fotosərgi gənc istedadlara dəstək olmaq üçün təşkil olunur. Sözügedən fotosərgi gənc və istedadlı rəssam Nübar Həsənovanın foto-əsərlərini təqdim edir. Beləliklə, Azərbaycanın milli kulinariyasına həsr olunmuş parlaq və canlı fotolar ziyarətçilərin diqqətindən kənarda qalmayacaq. Fotosərgi hər kəsin ziyarət edə biləcəyi bir yerdə - Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcəkdir.

Ölkənin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorlarının inkişafına yönəldilmişdir və qida sənayesi sözügedən sektorun əsas hissəsini təşkil edir. Qida və kənd təsərrüfatı sənayesi fəal inkişaf edir və Azərbaycanın ixrac potensialının artmasına, habelə ixrac strukturunun diversifikasiyası məsələsinin həllinə öz töhfəsini verir. “WorldFood Azerbaijan” sərgisi “Kənd Təsərrüfatı İli”ndə ölkənin qida sektorunda bütün müsbət inkişaf təmayüllərini, habelə yerli məhsulların xarici bazarlara çıxarılması ilə bağlı imkanları əks etdirən “güzgü” olacaqdır. Təşkilatçılar ümid edirlər ki, sərgi beynəlxalq müstəvidə sıx əməkdaşlıq əlaqələrinin qurulması, investisiya həcminin artması və qida sənayesində ən son texnologiyaların tətbiqinə kömək edəcək.

DƏSTƏK / TƏŞKİLATÇILAR

 

“WorldFood Azerbaijan” sərgisi bütün dünyada məşhur olan, habelə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrdə qida sənayesi üzrə ən böyük sərgiləri ehtiva edən “WorldFood” sərgi brendinin tərkib hissəsidir.

“WorldFood Azerbaijan” və “IpackCaspian 2015” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 2015-ci ildə “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilərin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi turoperator “Greenwich Travel Club” şirkətləri, o cümlədən “Jumeirah Bilgah Beach Hotel Baku” və “Caucas Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı) şirkəti yer alır. Sərgi artıq 7 ildir ki, beynəlxalq sərgi cəmiyyəti - “UFI” (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) təşkilatının rəğbətini qazanmışdır və bu da sərginin bütün beynəlxalq standartlara uyğunluğunu təsdiq etməklə yanaşı, tədbirin yüksək səviyyədə təşkil olunduğunu nümayiş etdirir. Sərgilərin  təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı  tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər. Bu sərgi layihələri üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edən “ITE Group Plc.” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (Dubay), ITE Polşa şirkətləri cəlb olunublar.

Sərgi 2015-ci il may ayının 21-dən 23-nə kimi Bakı Ekspo Mərkəzində keçiriləcək.

 



Tərəfdaşlar