Mətbuat açıqlaması

InterFood Azerbaijan - "WorldFood Azerbaijan 2016” sərgisi - mütəxəssislər arasında ənənəvi görüş yeri.

"WorldFood Azerbaijan 2016” sərgisi - mütəxəssislər arasında ənənəvi görüş yeri.

18.05.2016

Mətbuat açıqlaması

19 may tarixində regionda qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərdən biri - Azərbaycan beynəlxalq Qida sənayesi “WorldFood Azerbaijan 2016” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. Keçirildiyi illər ərzində sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş etdirildiyi, eləcə də müştəri tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün əlverişli imkanların yaradıldığı etibarlı platforma kimi doğrulda bilmişdir. “WorldFood Azerbaijan” sərgisi Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini özündə birləşdirən dünyaca məşhur “WorldFood” brendinin tərkib hissəsidir. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” sərgisinə dəyərli dəstək göstərir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

Bu il sərgidə dünyanın 23 ölkəsini təmsil edən 126 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, BƏƏ, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Litva, Rusiya, Çexiya və digər ölkələr var. Bu il sərgidə Türkiyənin 20-dən artıq şirkəti iştirak edəcək. Xalis seylon çayının istehsalçıları olan şirkətlər qrupunun rəhbəri - Şri-Lanka Dövlət Çay Komitəsi, “Sri-Lanka Tea Board” builki sərgidə iştirak edir. Bütün sərgi eksponentlərin 25%-ni təşkil edən yerli istehsalçı və distribyutorlar da sərgidə böyük fəallıq göstərirlər. Onların arasında Azərbaycanın qida sənayesi üzrə aparıcı şirkətləri - sərginin daimi iştirakçıları olan “Azersun Holding”, “Atena”, “Caspian Construction Systems”, “Gilan Holding”, “Metak”, eləcə də bu il sərgidə debüt edən “Amoris”, “Buta Group” və “Modern Group” şirkətləri yer alır. Şirkətlər konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məhsulları, şirniyyat məmulatları, içkilər, soyuducu sistemlər və bir sıra digər sahələr üzrə məhsulları təqdim edir. Sərginin builki fərqləndirici cəhəti yerli bazarda ilk dəfə təmsil olunan Azərbaycan şirkəti tərəfindən meyvə-tərəvəz məhsullarının geniş çeşidinin təqdim olunmasıdır. Sərginin işgüzar proqramı çərçivəsində 21 may tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “Ərzaq təhlükəsizliyinin beynəlxalq standartları” mövzusuna həsr olunmuş seminar keçiriləcək.

“WorldFood Azerbaijan” sərgisi ilə eyni platformada Xəzər beynəlxalq Qablaşdırma, tara, etiket və poliqrafiya “Ipack Caspian 2016” sərgisi keçiriləcək. Sevindirici haldır ki, ötən il keçirilən sərgi ilə müqayisədə, bu il iştirakçıların, eləcə də təklif olunan məhsul çeşidlərinin sayı xeyli artmışdır, belə ki, bu il Azərbaycan, BƏƏ, Rusiya, Türkiyə və Ukraynanı təmsil edən iştirakçılar sənayenin müxtəlif sahələri üçün qablaşdırma məhsullarının istehsalı və formalaşdırılması üçün avadanlıqlar, habelə etiketləmə avadanlıqları, qablaşdırma materialları, tara və hazır qablaşdırma məhsullarını təqdim edir.

Beləliklə, sərgi ziyarətçiləri qısa vaxt ərzində bazardakı aktual təkliflərlə tanış olmaqla yanaşı, həm sərgidə ənənəvi olaraq iştirak edən nəhəng şirkətlərin, həm də bazarın yeni iştirakçılarının stendlərini ziyarət edə və ən əsası, birbaşa istehsalçı və ya rəsmi distribyutorlarla müqavilələr imzalamaqla, tələb olunan məhsul və xidmətləri seçə bilərlər. “WorldFood Azerbaijan” və “Ipack Caspian” sərgilərinin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Artıq 8 ildir ki, sərgi “UFI” (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən təqdir olunur ki bu da sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiq etməklə yanaşı, tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirir. Layihə üzərində iş üçün beynəlxalq şirkətləri Azərbaycandakı sərgilərə fəal şəkildə dəvət edən “ITE Group” şirkətinin tərəfdaşlar şəbəkəsi – “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (Dubay) və “ITE Poland” (Polşa) şirkətləri cəlb olunub.

“Iteca Caspian” şirkətinin 2016-cı il üzrə rəsmi tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour”  (rəsmi turoperator) şirkətləri, “Sheraton Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı) şirkəti yer alır. Sərgi 19-21 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgi ilk 2 iş günü ərzində yalnız sənaye peşəkarlarını qəbul edəcəkdir. 21 may tarixində isə sərgiyə giriş bütün ziyarətçilər üçün açıq olacaq.



Tərəfdaşlar