16-18 may ayının tarixlərində Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2018 və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Caspian Agro 2018 sərgiləri keçiriləcək.

16-18 may ayının tarixlərində Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2018 və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Caspian Agro 2018 sərgiləri keçiriləcək.

15 may 2018 0000

16-18 may ayının tarixlərində Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2018 və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Caspian Agro 2018 sərgiləri keçiriləcək. Keçirildiyi illər ərzində hər iki sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olmuşdur. Artıq uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ardıcıl olaraq sərgini ziyarət edir və istehsalçı və distribütorların Azərbaycan bazarı üçün təqdim etdikləri yeni məhsullarla yaxından tanış olur. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərinə yaxından dəstək göstərir. Bu il ilk dəfə olaraq “CaspianAgro” sərgisi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərgilər həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

Hal-hazırda, kənd təsərrüfatı və qida sənayesi iqtisadiyyatın sürətlə inkişaf edən və böyük perspektivlər vəd edən sektorlarıdır və statistikaya əsasən rekord göstəricilər nümayiş etdirməklə, sərgilər bu təmayülü əyani şəkildə əks etdirir. Ötən il ilə müqayisədə, bu il “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgiləri həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12% artım nümayiş etdirib və region üzrə bütün ixtisaslaşmış sərgilər arasında ikinci yeri tuturlar. Bakı Ekspo Mərkəzinin iki zalında və xarici meydançasında yerləşən sərgilərdə dünyanın 34 ölkəsindən 402 şirkət iştirak edir və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçı və distribütorlar təşkil edirlər. Bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə şirkətlərin böyük milli qruplar ilə iştirakı sərginin vizit kartına çevrilib. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrup iştirak edir.

WORLDFOOD AZERBAIJAN 2018

Ölkənin qida sənayesinin əsas tədbiri olan “WorldFood Azerbaijan” sərgisində dünyanın 20 ölkəsini təmsil edən 207 şirkət geniş məhsul seçimi təklif edir. Belarus, Latviya, Yunanıstan, Türkiyə, Şri Lanka və İtaliya milli stendlərlə, Altay Diyarı, Kabardino-Balkariya və Həştərxan diyarı (Rusiya) isə regional stendlərdə iştirak edirlər. Sərgidəki debütantların sayı tədbir iştirakçıların 35% -ni təşkil edir.

Sevindirici haldır ki, “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər sərgidə fəal təmsil olunur. Onların arasında «Amoris», «Astara Çay», «Azersun Holding», «Azmeat», «Azqranata», «Bal Xurma», «CAN-PA», «Gilan Holding», «Göy-Göl», «Özdad» və s. İlk dəfə olaraq sərgidə Qida Təhlükəsizliyi Agentliyi və “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzi iştirak edəcək. Qida Təhlükəsizliyi Agentliyi həmçinin bu il sərgiyə dəstək göstərir.  

Ənənəvi olaraq, “WorldFood Azerbaijan” sərgisi eyni platformada bir neçə tematik ekspozisiyanı nümayiş etdirir: qida sənayesi (“WorldFood”), içkilər (“WorldDrink”) və texnologiyalar (“WorldFoodTech”). “WorldFood” bölməsində süd və qənnadı məmulatları, konservləşdirilmiş məhsullar, baqqaliyyə, inqrediyent istehsalçıları, eləcə də meyvə və tərəvəz ixracatçıları xüsusən fəaldırlar. “WorldFoodTech” bölməsində soyutma, çörəkbişirmə avadanlıqları, ərzaq saxlama texnologiyaları və bir sıra digər məhsullar təqdim edilir. “WorldDrink” bölməsi geniş çeşidli içkilər və şirələrlə fərqlənir. Həmçinin sərgidə çay növləri və brendlərinə xüsusi diqqət yetirilir. Belə ki, ardıcıl olaraq üçüncü il sərgidə Şri Lankanı təmsil edən çay istehsalçıları qrupuna rəhbərlik edən “Şri Lanka Ti Bord” Dövlət Çay Komitəsi seylon çayının müxtəlif buketlərini təqdim edir. Azərbaycan sərgidə müxtəlif yerli istehsalçıların geniş çeşidli yerli çay brendlərini təqdim edir.

İştirakçılar sərgiyə səylə hazırlaşıblar və özləri ilə tezliklə mağaza rəflərini dolduracaq bir çox yeni məhsul gətiriblər. Belə ki, ziyarətçiləri yeni pendir, dondurma, kəsmik məmulatları, çay, şirniyyat, ət yarım-fabrikatları, souslar, uşaq qidaları və bir sıra digər məhsullarla tanışlıq gözləyir. Siz sərgi veb-saytının “Yeni məhsullar kataloqu” bölməsində bütün yeni məhsullarla tanış ola bilərsiniz.

“WorldFood Azerbaijan” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2018” sərgisi keçirilir.

Ötən il ilə müqayisədə, bu il iştirakçıların tərkibi və təklif olunan məhsul çeşidi əhəmiyyətli dərəcədə artmışdır. Sərgi çərçivəsində Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən eksponentlər iştirak edir. Sərgidə tara və qablaşdırma, bunları hazırlamaq üçün xammal və materiallar, qablaşdırma dəzgahları, furuş və ədədi məhsulların bükülməsi və qablaşdırılması üçün mexanizm və xətlər ziyarətçilərə təqdim edilir. Həmçinin sərgi iştirakçıları anbar obyektləri, saxlama və daşınma prosesində məhsulların təhlükəsizliyini təmin edən xüsusi avadanlıqları ziyarətçilərin diqqətinə təqdim edirlər. Qablaşdırma üzərindəki çap və onun texnologiyasını seçilməsi ümumi texnoloji istehsal tsiklində mühüm yer tutur. Buna görə də sərgidə müxtəlif müasir metodlarla çap üçün avadanlıqlar təqdim edilir.

CASPIAN AGRO 2018

12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgisi bu il həm iştirakçıların sayı, həm də əhatə etdiyi sahə baxımından 15% artım nümayiş etdirərək, ən son kənd təsərrüfatı texnikalarının, habelə tərəvəzçilik, sənaye təyinatlı bağçılıq, üzümçülük, baytarlıq sahələrində müasir kənd təsərrüfatı texnologiyalarının ən böyük regional ekspozisiyası statusunu bir daha təsdiq edir.

Ötən illərlə müqayisədə, “Caspian Agro 2018” sərgisi rekord sayda iştirakçını – dünyanın 28 ölkəsini təmsil edən kənd təsərrüfatı malları və avadanlıqlarının 195 istehsalçı və distribyutorunu bir araya toplayıb. Builki sərgidə Azərbaycan, Almaniya, İsrail, İspaniya, İtaliya, Belarus, Rusiya, ABŞ, Türkiyə və digər ölkələrin şirkətləri ən yaxşı qlobal və yerli təcrübələri nümayiş etdirəcək. Gürcüstan, Niderland Krallığı və Çin Respublikası sərgidə milli stendlərlə çıxış edir. Sevindirici haldır ki, bu il sərgiyə müxtəlif ölkələri təmsil edən çoxsaylı debütantlar da qoşulub və onların ümumi sayı iştirakçıların 31% -nə çatıb. “Caspian Agro 2018” sərgisinin debütant ölkəsi isə Vyetnamdır. “Caspian Agro” sərgisinin qeydiyyat üzrə sponsoru daimi iştirakçısı olan - Maschio Gaspardo şirkətidir.

Hazırda Azərbaycanda kənd təsərrüfatı bir sıra istiqamətlərdə dinamik şəkildə inkişaf edir. Bununla əlaqədar olaraq, sərgi kənd təsərrüfatı sektorunun müxtəlif aktual sahələrini quşçuluq təsərrüfatları üçün avadanlıqlar, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sənayesi üçün avadanlıqlar, heyvan yemi, toxum, şitilliklər, mineral gübrələr, kənd təsərrüfatı texnikası, baytarlıq sahəsi üçün preparatlar, laboratoriya avadanlıqları, müasir kənd təsərrüfatı texnologiyaları və bir sıra digər sektorlar üzrə bir çox yeni məhsullarla tanış olmaq imkanı yaradır.

Sərginin müsbət cəhəti odur ki, bu sahələrdə xarici brendlərlə yanaşı, istixanalar, suvarma sistemi, meyvə və tərəvəzlər, pestisidlər və daha çox məhsul “Made in Azerbaijan” brendi altında təqdim olunur.

Kənd təsərrüfatı texnikalarının ekspozisiyası həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də sərgi kompleksinin açıq platformasında yerləşir. Açıq platformada kənd təsərrüfatı texnikaları ilə yanaşı, ev heyvanlarının müasir cinslərini nümayiş etdirəcək “Gilan” və “Klinger” şirkətləri yerləşir.

Sərgidə daha intensiv metodların tətbiqini təmin etmək, məhsuldarlığı artırmaq və heyvanların çoxalmasını yaxşılaşdırmaq, fermerlərin işini mexanikləşdirmək və avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş yeni kənd təsərrüfatı texnika və avadanlıqlarına xüsusi diqqət yetirilir. Builki sərginin yeni məhsullar kataloquna məhsulu zərərsiz toplamağa imkan verən yeni traktor növləri, ildə iki dəfə bitki yetişdirməyə imkanı verən müasir istixanalar, bağ və kiçik təsərrüfatlar üçün İtaliya istehsalı olan traktorlar, çuğunduryığan “ROPA” kombaynı, müxtəlif gübrə növləri; baytarlıq sahəsi üçün zəngin preparat çeşidi; istixanalar üçün “OSMOS” texnologiyası üzrə su filtrasiya sistemi, yabanı və dar yarpaqlı otlara nəzarət etmək üçün dərman, müxtəlif və yüksək keyfiyyətli badam, albalı, alma ağacları, İspaniyadan gətirilmiş yeni şaftalı, nektarin və  ərik çeşidlərinin və bir sıra digər ağacların becərildiyi şitilliklər daxildir. Yeniliklər kataloqu sərginin rəsmi saytında yerləşdirilib www.caspianagro.az.

ƏLAVƏ TƏDBIRLƏR VƏ İŞGÜZAR PROQRAM

İlk dəfə təşkil olunan “yeni məhsullar vitrini” sərgidə təqdim edilən bütün yeni məhsullarla yaxından tanış olmağa imkan verəcək. Tədbirin məqsədi iştirakçılara yeni məhsul və xidmətləri öyrənmək və kəşf etmək, yeni iş imkanlarını araşdırmaq, potensial müştərilər tapmaq və işgüzar təcrübələrini bölüşmək məqsədi ilə aparıcı yerli şirkətlərlə görüşmək üçün əlavə imkanlar təqdim etməkdir. İştirakçılar bu layihə çərçivəsində hələ bazara daxil olmamış məhsullarını nümayiş etdirəcək və sərgi ziyarətçiləri bu məhsulları ilk dəfə görmək imkanı əldə edəcəklər. 20-dən çox şirkət özlərinin yeni məhsul və xidmətlərini təqdim etmək və gələcək əməkdaşlıq baxımından peşəkar auditoriyanın diqqətini daha da artırmaq üçün əlavə imkanlardan faydalanıb. Hər vitrində məhsul haqqında ətraflı məlumat veriləcək və stendin nömrəsi isə istehsalçı şirkətin sərgidəki yerini göstərəcək. Məsələn, “Astara Çay” şirkəti birbaşa sərgidə tamamilə yeni çay buketini təqdim edəcək və ilk dəfə olaraq, “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ziyarətçiləri bu çayın dadına baxa biləcəklər.

Builki sərgilər dolğun işgüzar proqramları ilə fərqlənir. Belə ki, sərgilərin ikinci iş günündə Bakı Ekspo Mərkəzində bir gün ərzində bir neçə əsas müştərilərlə işgüzar görüşlər keçirmək və danışıqlar aparmaq üçün daha bir əlavə imkan - “B2B” formatlı görüşlər keçiriləcəkdir. Bu görüşlərdə xarici və yerli istehsalçılar və distribütorlar və pərakəndə satış şəbəkələrinin nümayəndələri iştirak edəcəkdir.

18 may tarixində “Boulevard” otelində 1-ci Bakı Beynəlxalq “Qida Təhlükəsizliyi” konfransının keçirilməsi isə mühüm hadisəyə çevriləcək. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqı və Dünya Bankının Azərbaycandakı nümayəndəliklərinin birgə təşkil etdiyi konfransda bu mövzuda ən aktual məsələlərə toxunulacaq. Konfrans çərçivəsində Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlı və həm yerli, həm də xarici sənaye strukturlarının digər nümayəndələri çıxış edəcəklər.

Sərgilərdə bir sıra seminarlar da keçiriləcəkdir. Təşkilatçılar hər zaman sərgilərdə “start-up”ların iştirakını alqışlayır və yaxından dəstəkləyir. Bu il “start-up”lar ilk dəfə olaraq “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində də öz layihələrini nümayiş etdirəcəklər. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Bakı Ekspo Mərkəzinin foyesindəki “Garden X” və “Ağıllı istixana” “start-up”larını təqdim edirlər. Debütantlar yeni layihələrin biznes üçün bütün faydaları barədə məmnuniyyətlə məlumat verəcəklər. Daha bir “start-up” - “Tasty Baku” şirkəti isə sərgi mərkəzinin foyesində korporativ hədiyyələr yaratmaq ideyası üzrə “master-klass” (“ustad dərsi”) təşkil edir.

İŞTİRAKÇI VƏ ZİYARƏTÇİLƏR ÜÇÜN RAHAT XİDMƏT

Bakı Ekspo Mərkəzində qeydiyyatdan keçərkən vaxta qənaət etmək üçün bütün qonaqlara “Fast Track” veb-saytında “onlayn” elektron qeydiyyat xidmətindən istifadə etmək tövsiyə olunur. Erkən qeydiyyat həm də iştirakçıların siyahısını, sərgilər haqqında məlumatı və müşayiət edən işgüzar tədbirlər cədvəlini operativ şəkildə əldə etməyə imkan verir. Bakı Ekspo Mərkəzində iştirakçılar üçün pulsuz Biznes və Mətbuat Mərkəzi, eləcə də kafe və restoranlar fəaliyyət göstərir. Həmçinin bütün ziyarətçilər təşkilatçıların foyedə quraşdırdıqları mobil telefonlar üçün enerji yükləmə məntəqəsindən də istifadə edə bilərlər.

Bu il təşkilatçılar “Bagcam.az” uşaq bağçaları şəbəkəsi ilə əməkdaşlığa başlamışlar. Bu şəbəkə sərgidə uşaqlar üçün əyləncə zonası yaradacaq və valideynlər öz uşaqlarını bu təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər.

Təşkilatçılar sərgilər çərçivəsində “Çünki biz qayğı göstəririk” adlı layihəni davam etdirir və bu dəfə sənətkarlar sərgilərin mövzunu əks etdirən əl işləri hazırlayıblar. Bütün bu məhsullar arasında zərgərlik məmulatları və aksessuarları, təbii sabun və üzvi kosmetika, çantalar, aksessuar və interyer kompozisiyaları, zehni inkişaf etdirən kitablar, planşetlər və bir sıra digər məhsullar yer alır. Sözügedən məhsullar Bakı Ekspo Mərkəzinin foyesində yerləşdiriləcək. Həmçinin mərkəzin foyesində “Sandıqça” brendinin əl işi olan unikal məhsulları ilə tanış ola bilərsiniz. Bu brendin hər məhsulu (aksessuarlar, şərflər, səbətlər və s. məhsullar) Azərbaycanın mədəni irsini əks etdirir.

“WorldFood Azerbaijan” sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən bu illər ərzində keyfiyyət nişanına layiq görülür. Sərgilərin təşkilatçısı qismində “Iteca Caspian” “WorldFood Azerbaijan” və “CEO” (“Caspian Event Organisers”) “Caspian Agro 2018” şirkətləri çıxış edirlər. Bu ilki sərgilərin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Hotels & Resorts” mehmanxanaları (rəsmi otellər), yer alır. Beləliklə, “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgiləri bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri üçün görüş yerinə çevriləcəkdir. Həmçinin, sərgidə kənd təsərrüfatı üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətə davamlı olmasına və investisiya həcminin artmasına kömək edəcəkdir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN