2024-cü ilin may ayında Bakı şəhəri ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilərə ev sahibliyi edəcək

2024-cü ilin may ayında Bakı şəhəri ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilərə ev sahibliyi edəcək

29 fevral 2024 0000

2024-cü ilin may ayında Bakı şəhəri ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilərə ev sahibliyi edəcək. Sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.

Sərgilərdə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü ildə də Bakı Ekspo Mərkəzdə sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olub. Ölkə rəhbərliyi tərəfindən sərgilərə göstərilən xüsusi diqqət, ölkə başçısının sərgini ziyarət etməsi kənd təsərrüfatı və qida sənayesinin inkişafına və bu sahədə biznes əlaqələrinin genişləndirilməsinə əlavə təkan vermişdir.

Sərgilərin çoxsaylı dövlət qurumları tərəfindən dəstəklənməsi və hər il ziyarət edilməsi də bu sərginin ölkəmiz və bütövlükdə region üçün böyük əhəmiyyətindən xəbər verir. Qeyd etmək lazımdır ki, “Caspian Agro” sərgisində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi də fəal iştirak edir və tədbiri yaxından dəstəkləyir.

2023-cü ildə rekord sayda iştirakçı auditoriyasına sahib olmuş sərgi Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə etmişdir. Bu uğurun davamı olaraq, 2024-cü ildə də müxtəlif ölkələrdən çoxsaylı şirkətlərin sərgilərə qatılması nəzərdə tutulur. Hazırda Bakı Ekspo Mərkəzinin həm açıq, həm də qapalı sahələrinin əksər hissəsi sərgi iştirakçıları tərəfindən tutulmuşdur.

“Caspian Agro” regionun ən böyük kənd təsərrüfatı sərgisidir. Aqrar-sənaye sektoru iqtisadiyyatın sürətlə inkişaf edən və böyük perspektivləri olan sahəsidir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayacaq. Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya,Türkiyə və şirkətləri yer alacaq.

Üç gün davam edəcək “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.

“Caspian Agro” ilə paralel olaraq, Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil ediləcək. Sərgidə Azərbaycanla yanaşı, Belarus, Çin, Hindistan, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türkmənistan, Türkiyə və Venesueladan olan şirkətlər təmsil olunacaq. “InterFood Azerbaijan” − sərgi iştirakçılarının öz məhsullarının real satışını həyata keçirdikləri, öz şirkətləri üçün distribütorlar və

nümayəndələr tapdıqları fürsət məkanıdır. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunacaq.

Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.

2024-cü ildə keçiriləcək sərgidə ilk dəfə olaraq “Agro Hackathon” müsabiqəsi keçiriləcəkdir. Sözügedən müsabiqədə proqram tərtibatçıları, interfeys dizaynerləri və kompüter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və yeni layihələr ərsəyə gətirəcəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Bundan başqa, sərgilərdə ətraf mühitə zərərli təsirlərin ixtisar olunması istiqamətində səmərəli yolların axtarışı baxımından kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi və iqlim dəyişikliyi (Sustainable Agriculture and Climate Change) konsepsiyası özəlliklə vurğulanacaqdır. Bu konsepsiya aqrar sahədə məhsul istehsalının artırılması və eyni vaxtda ekologiyanın qorunması arasında tarazlığın yaradılmasına yönəldilib. Kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi və iqlim dəyişikliyi konsepsiyası sərginin loqosunda da öz əksini tapmışdır.

Sərgilərin tədbirlər proqramı çərçivəsində hər il mütəmadi olaraq keçirilən "Qızıl Şah" Milli Kulinariya Çempionatı baş tutacaq. 2024-cü ildə ilk dəfə olaraq, bu çempionat çərçivəsində “Beynəlxalq Kulinariya Çempionatı” təşkil olunacaq və bu yarışmada 7 müxtəlif ölkədən kulinarlar, eləcə də 15 ölkədən beynəlxalq hakimlər iştirak edəcəklər. Bundan başqa, sərginin təqdimat zonasında “Beynəlxalq Aqrar İnnovasiyalar Forumu” təşkil olunacaqdır. Forumda "Dayanıqlı kənd təsərrüfatının inkişafı iqlim dəyişikliyində", "Kənd təsərrüfatında davamlı su idarəetməsi üçün innovativ yanaşmalar", "Kənd təsərrüfatında rəqəmsal biliklərin artırılması" və digər mövzular müzakirə olunacaq.

Beləliklə, sərgilərdə iştirak edən şəxslər yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərlə məsləhətləşmək və müxtəlif iştirakçıların təkliflərini nəzərdən keçirmək imkanı əldə edəcəklər.

Sərgilərin rəsmi dəstəkçiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO).

“Caspian Agro” sərgisinin sponsoru “traktor.az” və “Rostselmash” şirkətləridir.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, sərgilər Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Sərgilər haqqında ətraflı məlumatı https://caspianagro.az və https://interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN