“Caspian Agro” və “InterFood Azerbaijan” Sərgilərinə rekord sayda iştirakçı qatılıb

“Caspian Agro” və “InterFood Azerbaijan” Sərgilərinə rekord sayda iştirakçı qatılıb

15 may 2023 0000
17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri - 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci  Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” Sərgiləri keçiriləcək. Hər il olduğu kimi bu il də sərgilərə iştirakçı və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Sənaye liderlərinin başlıca görüş yeri statusunu daşıyan bu tədbirlər Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edəcək və builki sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunacaq. Sərgilərdə ümumilikdə 31 ölkədən 479 şirkət iştirak edəcək, 9 ölkə isə milli stendlərlə təmsil olunacaq. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus Respublikası, Gürcüstan, İtaliya, Niderland Krallığı, Şri Lanka, Rusiya Federasiyasının regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edəcəklər.
Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Bu mühüm hadisə “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin proqramlarında da öz əksini tapacaq.
CASPIAN AGRO 2023
“Caspian Agro” yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribyutorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayacaq. “Caspian Agro” sərgisində 24 ölkədən 318 şirkət öz iştirakını təsdiqləyib. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Böyük Britaniya, Çexiya, Estoniya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Latviya, Niderland Krallığı, Polşa, Qazaxıstan, Rusiya Federasiyası və Türkiyə şirkətləri yer alacaq.
Bu ilki sərgilərdə ilk dəfə olaraq, Naxçıvan Muxtar Respublikası vahid stendlə təmsil olunacaq.
“Gubre.az” şirkəti uzun illərdir ki, “Caspian Agro” sərgisinə dəstək və sponsorluq edir ki, bu da şirkətin sərgidə iştirakının müsbət təsirindən xəbər verir və tədbirin əhəmiyyətini bir daha təsdiqləyir.
Müasir dövrdə rəqəmsal resurslara kütləvi çıxış və “yaşıl” texnologiyaların tətbiqi avtomatlaşdırılmış kənd təsərrüfatı komplekslərinin formalaşmasını və bu sahədə davamlı nəticələrin əldə olunması prosesini sürətləndirir. “Caspian Agro” sərgisi isə ölkədə kənd təsərrüfatı istehsalının, emal proseslərinin, logistikanın rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsi, o cümlədən kənd təsərrüfatı istehsalı və emalında müasir texnoloji yeniliklərin öyrənilməsi və təsərrüfatların idarə edilməsi prosesində İT texnologiyalarının tətbiqi ilə bağlı maraqlı tərəfləri bir araya gətirir və yeni əməkdaşlıqlara, dolayı yolla ölkə iqtisadiyyatına öz töhfəsini verir.
Üç gün davam edəcək “Caspian Agro” sərgisi zamanı kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaqdır. Builki sərginin əsas istiqamətlərindən birini “yaşıl kənd təsərrüfatı” təşkil edir. Son dövrlərdə aktual olan bu istiqamət sərginin loqosunda da öz əksini tapmış və loqoya “Green” sözü əlavə edilmişdir. Bu mövzu sərgi çərçivəsində keçiriləcək Aqrar İnnovasiyalar Forumunda da gündəmdə olacaqdır.
Kənd təsərrüfatı sahəsində regionun ən böyük beynəlxalq sərgisi olan “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi, pambıq emalı və elektron kənd təsərrüfatı daxildir.
INTERFOOD AZERBAIJAN 2023
28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” Sərgisində 17 ölkədən 161 şirkət iştirakını təsdiq edib. Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Çin, Fransa, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Sloveniya, Şri-Lanka, Tayland, Türkiyə və ilk dəfə olaraq Tunisdən olan şirkətlər təmsil olunacaq. “InterFood Azerbaijan” keyfiyyətli malları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır.
Sərgidə təqdim olunan bütün məhsullar aşağıdakı istiqamətlərə bölünür:
  • InterFood (qida sənayesi)
  • InterDrink (içkilər)
  • InterFoodTech (texnologiya)
  • HalalFood
  • “HOREX”
  • “Ipack”
Bu sərgi qida təhlükəsizliyinin və keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır. “InterFood Azerbaijan” istehlakçıları yüksək səviyyəli məhsullarla təmin etmək üçün istehsal texnologiyalarına riayət etmək, yeni istehsal üsullarını inkişaf etdirmək, sənayedə innovasiyaları tətbiq etmək, eləcə də bu sahədə çalışan şəxslərin bilik və bacarıq səviyyəsini artırmağa yönəlmiş təcrübə mübadiləsi üçün unikal platformadır.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edəcəklər.
ƏLAVƏ TƏDBİRLƏR VƏ İŞGÜZAR PROQRAM
İştirakçı və ziyarətçilərin maraqları nəzərə alınaraq, sərgilərin proqramı maraqlı tədbirlər və vacib mövzuları əhatə edir.
Sərgi günlərində Aqrar İnnovasiyalar Forumu keçiriləcəkdir. Forumda “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Orqanik kənd təsərrüfatı”, “Rəqəmsal kənd təsərrüfatı” və digər mövzular qaldırılacaq. Forum çərçivəsində keçiriləcək sessiya və panel müzakirələri zamanı Naxçıvandan dəvət olunmuş fermerlər çıxış edəcəkdir və “Orqanik Naxçıvan” brendinin təqdimatı keçiriləcəkdir.
Sərgilər çərçivəsində, dekorativ yeməklərin kompozisiyasından ibarət “Qida – sənət əsəri” sərgisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qızıl Şah - Qızıl Yüzlük” III Milli Kulinariya Çempionatı keçiriləcəkdir.
FERMERLƏR TURU
Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola bilirlər. Bu il “Caspian Agro” sərgisinə Azərbaycanın bir çox bölgələrindən rekord sayda fermerlər qatılacaq. Cari ildə sərgilərdə iştirak edəcək fermerlər ölkənin 40 rayonunu (Ağdam, Qobustan, Xızı, Göyçay, Ağstafa, Qəbələ, Kürdəmir, Ucar, Sabirabad, Tərtər, Qusar, Astara, İsmayıllı, Qax, Şəki, Zaqatala, Cəlilabad, Biləsuvar, Salyan, Beyləqan, Lənkəran, Bərdə, Balakən, Quba, Ağdaş, Saatlı, Tovuz, Şamaxı, Masallı, Qazax, Siyəzən, Şabran, Xaçmaz, Şəmkir, Zərdab, Ağcabədi, Yevlax, İmişli, Neftçala, Hacıqabul)  təmsil edəcək. Builki tura Naxçıvan Muxtar Respublikasından olan fermerlər dəvət olunmuş və onların tədbirdə iştirakı təşkilatçılar tərəfindən təmin olunmuşdur.
Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edirlər.
 “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri sənaye mütəxəssisləri üçün öz məhsullarını və texnologiyalarını təqdim etmək, həmçinin həmkarları ilə təcrübə mübadiləsi aparmaq və yeni müştərilər cəlb etmək üçün əla fürsətdir. Sərgilərin beynəlxalq statusu isə iştirakçılara öz məhsullarını təkcə yerli deyil, həm də xarici bazara təqdim etmək, istehlakçılardan və ekspertlərdən rəy almaq imkanı yaradır.
Beləliklə, sərgilərdə iştirak edən şəxslər yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərlə məsləhətləşmək və müxtəlif iştirakçıların təkliflərini nəzərdən keçirmək imkanı əldə edəcəklər.
Sərgilərin rəsmi dəstəkçiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasıdır (ASTA).
“Caspian Agro” və “InterFood  Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşlarıdır. Sərgilər haqqında ətraflı məlumatı https://caspianagro.azhttps://interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.
 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN