10 iyun tarixində Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (“Interfood Azerbaijan 2021”) sərgisi öz işinə start verib. Bu, koronavirus pandemiyasının səbəb olduğu iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgidir. “Interfood Azerbaijan 2021” sərgisi ilə paralel olaraq, 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2021”) sərgisi keçirilir, sərgilərin təşkilatçıları qismində “Caspian Event Organisers” (CEO) şirkəti və bir sıra xarici tərəfdaşlar çıxış edir.
Açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Stron, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin kənd və meşə təsərrüfatı nazirinin müavini Fateh Mətin iştirak edib.
Nazir öz çıxışında kənd təsərrüfatının müasir inkişaf uğurlarını, sənayenin qarşısında duran tapşırıqların vaxtında həllini və kənd təsərrüfatı sənayesinin göstəricilərinin artdığını qeyd edib. Spiker bundan sonar müasir texnologiyaların tətbiq ediləcəyi Qarabağ torpaqlarının qaytarılmasının vacib əhəmiyyətini vurğulayıb. Bu, əkin sahələrinin artmasına zəmanət verir ki, bu da şübhəsiz qida təhlükəsizliyi problemlərinin həllinə müsbət təsir göstərəcək. Bu sərgidə kənd təsərrüfatının uğurlu inkişafını təmin edən mühüm texnologiyalar, müasir metodlar və layihələr nümayiş olunur. Cənab Kərimov qeyd edib ki, biz sərginin təşkilatçıları ilə razılaşdıq ki, növbəti “Kənd Təsərrüfatı 2022” layihəsi böyük ölçüdə ağıllı həll variantları və ən yeni texnologiyalara əsaslansın.
Sərgilərin təşkilində göstərdikləri köməyə görə bütün iştirakçılara və orqanlara təşəkkür edən Edvard Stron qeyd edib ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin məcburi fasilədən sonar fəaliyyətlərini bərpa etdirməsindən məmnunuq.
Orxan Məmmədov günün vacib tapşırıqlarını müzakirə etmək üçün oflayn rejimdə görüşmək imkanı əldə etmiş mütəxəssislər arasında canlı ünsiyyətin vacibliyini vurğulayıb. Müasir kənd təsərrüfatı sənayesində bir çox kiçik və orta sahibkarlıq müəssisələri təmsil olunur. Onlardan doqquzu hazırkı tədbirdə iştirak edir. Ümumiyyətlə, ötən dövr ərzində təxminən yüz yetmiş müəssisəmiz Azərbaycanda keçirilən ixtisaslaşmış sərgilərdə iştirak edib.
Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirəcək. “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edir. Qeyd etmək lazımdır ki, açıq sahədə yerləşəcək ekspozisiyanın miqyası 2019-cu ildəki ekspozisiya ilə müqayisədə artmışdır.
Bu il İnterFood Azerbaijan sərgisində dünyanın 12 ölkəsindən 71 şirkət iştirak edir. Sərgilərdə Əfqanıstan və Belarusu təmsil edən milli qruplar, Rusiya Federasiyasını təmsil edən Kirov və Adıgey rayonunun qrupları, həmçinin bu il sərgidə debüt edən Moskva regional qrupu iştirak edəcək.
Sərgidə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edirlər.
Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib. Həmçinin, sərgidə bir sıra iştirakçı Qarabağ regionunun inkişafı üçün xüsusi təklif, layihə və xidmətləri nümayiş etdirməyi planlaşdırır.
Canlı təşkil olunan tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə (sosial məsafə, maska rejimi, antiseptik / təmizləyici vasitələrin tətbiqi, bədən hərarətinin yoxlanılması və ərazinin müntəzəm dezinfeksiya edilməsinə) əsaslanır.
“Caspian Agro” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgilər həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir.