Mahir Həsənov, “Bazarstore”-un marketinq direktoru
- “Bazarstore” Azersun Holdinqin bir hissəsidir. Fəaliyyətdə olduğu 11 il ərzində şirkət il ərzində 36 milyon müştəriyə xidmət göstərən 78 mağaza açıb. Biz “Aşpazlar Kuboku” Azərbaycan Çempionatının tərəfdaşlarıyıq. Dəstəyimiz müsabiqə zamanı aşpazlara Azersun Holding məhsullarının təqdim edilməsindən ibarətdir.
“Bakı Ekspo Mərkəzi”-də açdığımız kiçik mağazada məhsulumuzu reklam edir və eyni zamanda Çempionat iştirakçılarını bütün lazımi məhsullarla təmin edirik. Hesab edirik ki, milli mətbəx xalqın mühüm mədəni sərvəti, ölkənin turizm məhsulunun təbliği üçün layiqli vasitədir. Çempionatı izləyənqonaqlar və hakimlər yüksək keyfiyyətli yerli məhsullardan hazırlanmış Azərbaycan mətbəxinin təamlarından dadmışlar. Bu, ən yaxşı reklamdır!
Bundan əlavə, birinci çempionatdan sonra sponsorluğumuzla həmin yarışda hazırlanan bütün yeməklərdən ibarət “ChefsAz” kulinariya kitabı nəşr edildi. Eyni nəşri 2-ci Çempionat bitdikdən sonra buraxmağı planlaşdırırıq.
Bizim Fərhad Aşurbəyli ilə də layihəmiz var, orada Azərbaycan və müxtəlif dünya mətbəxlərindən olan təamların bişirilməsi ilə bağlı videoçarxlar nümayiş etdirilir. İndi biz bu videolara dünyanın məşhur kulinariya kanallarında və aşpazlığa dair televiziya proqramlarında sponsorluq etməyi planlaşdırırıq.