Mayın 19-da Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri-16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" sərgisi və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "Interfood Azerbaijan" sərgisi öz işini başa çatdırıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış olublar. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov dövlət başçısına və birinci xanıma sərgilər barədə məlumat verib.
Ekspo Mərkəzinin bütün pavilyonları və açıq meydançasını əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olundu. Ümumilikdə, sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiya, eləcə də ilk dəfə sərgiyə gələn Tunis və Çexiyanın regional qrupları iştirak edir.
Dövlət başçısı və birinci xanım "Grow Group" Azərbaycan, "Maschio Gaspardo", "New Holland", "Rostselmash", "MySilo", "Rauch Landmashchinen", "SwissGrow", "AfiMilk", "Gowan", "Can-Pa", həmçinin Çexiya, İtaliya, Belarus, Gürcüstan, ABŞ və Niderland şirkətlərinin stendləri ilə tanış olublar.
Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş xüsusi təqdimat hazırlanmışdır. Azərbaycanda aqrar sektorun inkişafı ulu öndərin fəaliyyəti ilə sıx bağlıdır. Pavilyonda elmi-tədqiqat institutlarının ən son nailiyyətləri, "yaşıl" enerji mənbələri ilə bağlı qurğular və məhsullar təqdim olunur.
Stendlərin ekspozisiyaları yalnız parlaq və yaradıcı deyildi, həm də "nümunə götürməyə" imkan verirdi. Çoxsaylı ziyarətçilər müxtəlif ölkələrin aşpazlarının gülərüzlə təklif etdiyi yeməklərin, fastfudların, içkilərin və qəlyanaltıların dadına məmnuniyyətlə baxdılar.
"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim ediblər.
"InterFood Azerbaijan" sərgisi prosesində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Qidalanma – sənət əsəri" dekorativ yeməklərinin ekspozisiyası, həmçinin "Qızıl Şah - qızıl yüzlük" III Milli kulinariya çempionatı təşkil olunub.
Sərgilərin xarici iştirakçıları ənənəvi B2B görüşlərinin məhsuldarlığını xüsusi qeyd ediblər ki, bu da təkcə Azərbaycan şirkətləri ilə deyil, həm də digər ölkələrin alıcıları ilə uzunmüddətli əməkdaşlığa təsir göstərir.
"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərinin təşkilatçıları "Caspian Event Organisers" şirkəti və onun beynəlxalq tərəfdaşlarıdır.