“InterFood Azerbaijan”: perspektivli beynəlxalq əməkdaşlığın effekti

“InterFood Azerbaijan”: perspektivli beynəlxalq əməkdaşlığın effekti

17 may 2024 0000

Bakı Ekspo Mərkəzində 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) ilə paralel keçirilən sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) mayın 17-də işini tamamlayıb. Xarici ekspertlərin və investorların fikrincə, 2024-cü il sərgiləri yeni biznes ideyalarının yaranması mərkəzinə çevrilib və qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açıb.

Şübhəsiz ki, tədbirin bütün iştirakçıları üçün əsas hadisə Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun sərgilərə təşrif buyurması olub. Prezidentlər üçün Bakı Ekspo Mərkəzində VİP turun təşkili aqrar sektorun inkişafına ən yüksək səviyyədə diqqət ayrıldığını bir daha əyani nümayiş etdirib. Belarusun və Azərbaycanın ekspozisiyalarına xüsusi diqqət ayıran dövlət başçıları təmsil olunan sənaye sahələrinin əsas istiqamətləri ilə tanış olublar. Belarus artıq ardıcıl beşinci ildir ki, burada öz məhsullarını təqdim edir. Azərbaycan paytaxtına gələn Belarusun 40-dan çox şirkəti sərgidə ət, süd, qənnadı məmulatları, balıq, alkoqollu məhsullar, o cümlədən gübrələr, bitki emalı üçün kimyəvi maddələr, baytarlıq məhsulları, kənd təsərrüfatı texnikası təqdim edib.

Tədbirin miqyası özünü sərgi iştirakçılarının sayının artmasında göstərir. Bu il rekord sayda iştirakçı ilə keçirilən sərgilər bütün mövcud pavilyonları və Bakı Ekspo Mərkəzinin açıq ərazisini əhatə edib. Burada ilk dəfə olaraq müasir infrastrukturu və açılan stendlərin dizaynı ilə səciyyələnən dördüncü sərgi zalı istifadəyə verilib. Builki sərgilər kimi irimiqyaslı tədbirin keçirilməsi böyük uğurdur və onun təşkilində əməyi olan hər kəs təşəkkürə layiqdir. Beynəlxalq təşkilatların nümayəndələri, sərgi iştirakçıları və jurnalistlər “InterFood Azerbaijan” sərgisində heyvandarlıq, quşçuluq və kənd təsərrüfatı sektoru kimi müxtəlif sahələrdə rəqəmsallaşmaya xüsusi önəm verilməklə təqdim olunan müasir nailiyyətlərin aktuallığını və effektivliyini qeyd ediblər. Təbii ki, sərgi bu malların və xidmətlərin təbliğinə kömək edir.

Sərgidə təqdim olunan stendlərdə nümayiş olunan dondurulmuş qida məhsulları və yarımfabrikatlar, qənnadı və un məmulatları, konservlər, ət və süd məhsulları, meyvə-tərəvəz, şirələr, çay, sağlam qida məhsulları, o cümlədən meyvə-tərəvəzin emalı üçün avadanlıqlar çoxsaylı ziyarətçilər tərəfindən yüksək qiymətləndirilib. Məhsul nümunələrinin dequstasiyası ziyarətçilərin böyük rəğbətini qazanıb.

Qeyd edək ki, “InterFood Azerbaijan” sərgisinin iştirakçıları tədbirin müştərilərin ehtiyaclarını müəyyən etməyə, istehsalçılarla əlaqələr qurmağa, yeni məhsulları təqdim etməyə və işi təkmilləşdirməyə kömək etdiyini xüsusilə vurğulayıblar. Burada nəinki müştəri bazanızı artıra, həm də müxtəlif xarici tərəfdaşlarla uzunmüddətli işgüzar əlaqələr qura və marketinq coğrafiyanızı əhəmiyyətli dərəcədə genişləndirə bilərsiniz. Tədbirin debütantlarının fikrincə, sərginin ən müsbət cəhəti ölkəni və insanları tanımaq, bazarla tanış olmaq, tərəfdaşlıqları qiymətləndirmək üçün əla fürsət olmasıdır.

Bir çox iştirakçılar öz stendlərində istehsal etdikləri məhsulların bütün çeşidini təqdim edə bilmədiklərindən təəssüfləndiklərini bildiriblər, çünki elit sərgi iştirakçılarının sayı həddindən artıq çoxdur. Onlar gələn il sərgiyə daha böyük ekspozisiya ilə qatılacaqlarına söz veriblər ki, bu da təşkilatçıları və ziyarətçiləri sevindirməyə bilməz.

Hər il təşkil edilən fermer turu Azərbaycanın hər yerindən 500-dən çox fermeri bir araya gətirib. Təcrübəli fermerlər və heyvandarlar yeni texnologiyalarla maraqla tanış olub, təqdim olunan texnikalara və innovasiyalara böyük diqqət ayırıblar.

Sərgi proqramı çərçivəsində hər il ənənəvi olaraq keçirilən “Qızıl şah” Milli Kulinariya Çempionatı baş tutub. İki yüzdən çox aşpaz ət, balıq, quş ətindən yeməklərin və restoran desertlərinin hazırlanması, eləcə də “art-class”lar və digər kateqoriyalar üzrə yarışıb.

Ənənəvi olaraq sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçirilib. Burada yerli və xarici şirkətlərin təmsilçiləri dövlət qurumlarının nümayəndələri ilə görüşüblər. Sərginin təqdimat zonasında “Beynəlxalq Aqrar İnnovasiya Forumu” təşkil olunub.

Xatırladaq ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçısı “Caspian Event Organisers” şirkəti, həmçinin onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN