Regionun ən böyük sərgiləri sektorun peşəkarlarını yenidən bir araya toplayacaq

Regionun ən böyük sərgiləri sektorun peşəkarlarını yenidən bir araya toplayacaq

18 aprel 2023 0000

May ayının ortalarında Bakı şəhəri ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilərə ev sahibliyi edəcək. Sayca 16-cı olan Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” və 28-ci  Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” Sərgiləri 17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sənaye liderlərinin başlıca görüş yeri statusunu daşıyan bu sərgilər Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edəcək. Ötən il olduğu kimi bu il də sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunacaq.
Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Bu mühüm hadisə “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin proqramlarında da öz əksini tapacaq və sərgilərdə Ümummilli Liderə həsr olunmuş stend quraşdırılacaq.
“Caspian Agro” yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribyutorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayacaq. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Böyük Britaniya, Çexiya, Estoniya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Latviya, Niderland Krallığı, Polşa, Qazaxıstan, Rusiya Federasiyası və Türkiyə şirkətləri yer alacaq. “Caspian Agro 2023”də Almaniya, İtaliya, Amerika Birləşmiş Ştatları, Niderland Krallığı, Gürcüstan, eləcə də builki debütant ölkə Çexiya milli qrupları iştirak edəcək.
Üç gün davam edəcək “Caspian Agro” sərgisi zamanı kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaqdır. Builki sərginin əsas istiqamətlərindən birini “yaşıl kənd təsərrüfatı” təşkil edir. Son dövrlərdə aktual olan bu istiqamət sərginin loqosunda da öz əksini tapmış və loqoya “Green” sözü əlavə edilmişdir.  Bu mövzu sərgi çərçivəsində keçiriləcək Aqrar İnnovasiyalar Forumunda da gündəmdə olacaqdır. Bundan başqa, iki gün ərzində baş tutacaq forumda “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Orqanik kənd təsərrüfatı”, “Rəqəmsal kənd təsərrüfatı”, Naxçıvandan dəvət olunmuş fermerlərin çıxışı və digər mövzular müzakirə olunacaqdır.
Kənd təsərrüfatı sahəsində regionun ən böyük beynəlxalq sərgisi olan “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi, pambıq emalı və elektron kənd təsərrüfatı daxildir.  
“Caspian Agro” ilə paralel olaraq, Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil ediləcək. Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Çin, Fransa, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Sloveniya, Şri-Lanka, Tayland, Türkiyə və ilk dəfə olaraq Tunisdən olan şirkətlər təmsil olunacaq.  “InterFood Azerbaijan” keyfiyyətli malları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır.

Sərgidə təqdim olunan bütün məhsullar aşağıdakı istiqamətlərə bölünür:
  • InterFood (qida sənayesi)
  • InterDrink (içkilər)
  • InterFoodTech (texnologiya)
  • HalalFood
  • “HOREX”
  • “Ipack”
İştirakçı və ziyarətçilərin maraqları nəzərə alınaraq, sərgilərin proqramı maraqlı tədbirlər və vacib mövzuları əhatə edir. Sərgilər çərçivəsində, dekorativ yeməklərin kompozisiyasından ibarət “Qida – sənət əsəri” sərgisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qızıl Şah - Qızıl Yüzlük” III Milli Kulinariya Çempionatı keçiriləcəkdir.
Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər, yüksək keyfiyyətli məhsul istehsalı üçün əvəzsiz şərtdir. Bu il baş tutacaq tura isə Naxçıvan Muxtar Respublikasından fermerlərin dəvət edilməsi nəzərdə tutulub.
Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcəkdir.  Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edirlər.
Beləliklə, sərgilərdə iştirak edən şəxslər yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərlə məsləhətləşmək və müxtəlif iştirakçıların təkliflərini nəzərdən keçirmək imkanı əldə edəcəklər.
Sərgilərin rəsmi dəstəkçiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK),  Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO). “Caspian Agro” sərgisinin sponsoru “Gubre.az” şirkətidir.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları Caspian Event Organisers və onun beynəlxalq tərəfdaşlarıdır. Sərgilər haqqında ətraflı məlumatı https://caspianagro.az və https://interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN