Məni bu sərgiyə gətirən mənim öz sahəmə aid avadanlıqlar yaxud hansısa məhsullar, yeniliklər barədə öyrənmək istəyidir. Bir-iki məhsul diqqətimi cəlb etdi. Məsələn, paketləmə maşını, Başkurdistandan keyfiyyətli çörəyə uyğun göstəriciləri olan buğda, ondan xoşum gəldi, bizim fabrikdə işlətmək üçün İranın istehsalı olan plastik paletlər var idi, qiyməti də münasibdir. Mən bu təklifləri şirkətimizdə aidiyyəti olan adamlara verəcəyəm, onlar da müzakirə edib qərar verəcəklər. Amma sərgidə bizim fəaliyyətə, yəni un və konditer məhsullarının istehsalında istefadə olunan daha geniş seçimin olmasını istərdim. Məni maraqlandıran, amma bu sərgidə tapa bilmədiklərim arasında çörək zavodu üçün böyük həcmli avadanlıqlar, xəmir kəsən avadanlıq, ələklər, mikserlər, qazanlar, paslanmayan masalar, konveyerlər, kiçik və iri həcmli sobalar, çörək zavodu üçün ehtiyat hissələri, mühərriklər, reduktorlar, metal detektorları, rentgen aparatları və bu tipli məhsulları qeyd edərdim. Gələcəkdə yaxşı olardı ki, bir sahə təkcə çörək, bulka, şirniyyat məhsullarının və onların istehsalatı üçün müxtəlif avadanlıqların sərgilənməsinə ayrılsın. Yeri gəlmişkən, qeyd edim ki, bizim şirkətlər qrupunun bir qanadı, bir qrupu bu sərgidə təmsil olunmuşdur.
Dünyada heç nə bir yerdə durmur, yeniliklər baş verir. Biz də istehsalatımızı inkişaf etdirmək istəyirik və bunun üçün sərgilərə getmək lazımdır, buradakı müasir istehsal növlərini və tətbiq olunan yeni avadanlıqları görmək lazımdır. "İnterFood 2024" sərgisi öz möhtəşəmliyi ilə və burada nümayiş olunan müasir məhsullar, avadanlıqlar və texnoloji tətbiqlər ilə bunu bir daha sübut etdi.
Kamil Əliyev "ATS Food" şirkətində çörək istehsalat kompleksinin direktoru