Əkinçilik və qida sərgiləri bir-birini mükəmməl şəkildə tamamlayır
16 may 2025
0000
Urfan Mirmovsümov, "Mont Royal Canada" şirkətinin Baş Direktoru
Mənim rəhbərlik etdiyim şirkətin əsas fəaliyyəti Azərbaycan məhsullarının Kanada bazarına və Kanada məhsullarının Azərbaycan bazarına çıxarılmasına yönəlib. Bu, bir növ Azərbaycan ilə Kanada arasında kommersiya körpüsü rolunu oynayır. Biz, əsasən, "Made in Azerbaijan" markalı məhsullara maraq göstəririk.
“InterFood Azerbaijan” sərgisində Kanadalı istehlakçılar üçün maraqlı ola biləcək geniş çeşiddə məhsullar nümayiş etdirilir. Bu məhsulların başlıca üstünlüyü onların yüksək keyfiyyətli təbii olması, tərkibində heç bir kimyəvi qatqı və konservantın olmamasıdır. Azərbaycanın aparıcı istehsalçıları məhz belə məhsullar təqdim edir. Mən "Zira" şirkətini, Lənkəran çayı istehsalçılarını, "Meysari" şərab şirkətini və bir sıra digər istehsalçıları qeyd edə bilərəm. Həmçinin, sərgidə ilk dəfə tanış olduğum yeni şirkətlər də var.
Xüsusi olaraq sərgi haqqında danışmaq istərdim. Mən dünyadakı bir çox sərgilərdə olmuşam və əminliklə deyə bilərəm ki, Azərbaycan sərgiləri heç birindən geri qalmır, bəzən isə onları geridə qoyur. Mənim fikrimcə, aqrar və qida sərgilərinin birləşdirilməsi özlüyündə çox yaxşı bir ideyadır, çünki bu iki sahə bir-birini tamamlayır. Düşünürəm ki, öz məhsullarını bazara çıxarmaq və inkişaf etdirmək istəyən şirkətlər üçün belə tədbirlərdə iştirak etmək zəruridir.