InterFood Azerbaijan – Keyfiyyətli Məhsulların Qlobal Bazarı

InterFood Azerbaijan – Keyfiyyətli Məhsulların Qlobal Bazarı

13 may 2025 0000
13 may tarixində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – InterFood Azerbaijan təntənəli şəkildə açıldı.Tədbir Xəzər regionunun kənd təsərrüfatı və qida sənayesi sahəsində ən iri sərgisi olan 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – Caspian Agro ilə paralel keçirilir.

Milli brendə çevrilmiş hər iki sərgi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur.

Sərgilərin ölkə üçün əhəmiyyətini ölkə başçısının bu tədbirləri ziyarət etməsi vurğulayır. Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur.  

Caspian Agro və InterFood Azerbaijan sərgilərinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov qeyd edib ki, bu sərgilər uzun illərdir ki, yerli və xarici şirkətlərin kənd təsərrüfatı və qida sənayesi sahəsindəki innovativ həllərini və yeni texnologiyalarını təqdim edən ən böyük platforma kimi çıxış edir. Bu tədbirlər kənd təsərrüfatının və qida sənayesinin inkişafına dair fikir mübadiləsi aparılması, eləcə də biznes əməkdaşlığının qurulması baxımından böyük əhəmiyyət daşıyır. Sərgi çərçivəsində keçirilən tədbirlər – o cümlədən, 2-ci Beynəlxalq Aqrar İnnovasiyalar Forumu – bu tədbirlərin aktuallığını və dəyərini bir daha təsdiqləyir. Forum iştirakçılara sahə üzrə mühüm məsələləri müzakirə etmək üçün əla imkan yaradır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb. Bu məqsədlə ölkədə heyvandarlıq və bitkiçilik sahələrində təhlükəsizlik tədbirləri ciddi şəkildə həyata keçirilir. Caspian Agro və InterFood Azerbaijan sərgiləri kimi tədbirlər ölkədə kənd təsərrüfatı və qida sənayesinin inkişafına töhfə verir, yeni biznes imkanları və ticarət əlaqələrinin qurulmasına şərait yaradır.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında kənd təsərrüfatı və qida sənayesi sahəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı mövzusuna toxunub. KOBİA bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini geniş şəkildə dəstəkləyir. O qeyd edib ki, agentlik belə sərgiləri hər zaman dəstəkləyir, çünki onlar KOB subyektlərinin inkişafına ciddi töhfə verir. Orxan Məmmədov qida məhsulları istehsalı sahəsində fəaliyyət göstərən doqquz yerli şirkətin sərgidə iştirak etdiyini bildirib. Kənd təsərrüfatı və qida sənayesi neftdən asılı olmayan iqtisadiyyatın əsas sahələrindən biri olmaqla, bölgələrin və bütövlükdə ölkənin sosial-iqtisadi inkişafına mühüm təsir göstərir.

Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev isə bildirib ki, qeyri-neft sektorunun təşviqi və inkişafı üzrə ixtisaslaşmış qurum üçün bu cür sərgilər mühüm əhəmiyyət daşıyır. Sərgilər Azərbaycanın ənənəvi kənd təsərrüfatı məhsulları ilə yanaşı, bu sahədə ən son yenilik və ideyaların təqdim olunmasına şərait yaradır, sahənin inkişafına və işgüzar münasibətlərin genişlənməsinə güclü təkan verir. AZPROMO dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə “Made in Azerbaijan” brendi altında yerli məhsulları geniş şəkildə təmsil edir. Agentliyin əməkdaşlıq etdiyi kənd təsərrüfatı məhsullarının xarici alıcıları da bu sərgidə ilk dəfə iştirak edirlər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev vurğulayıb ki, yerli istehsal olan kənd təsərrüfatı və qida məhsulları ölkə bazarında getdikcə daha geniş yer tutur və xarici bazarlara fəal şəkildə ixrac olunur. Onun sözlərinə görə, Caspian Agro və InterFood Azerbaijan sərgiləri uzun illərdir ki, yerli şirkətlərin inkişafında mühüm rol oynayır, bu sahədə beynəlxalq nailiyyətlərlə tanış olmaq və aktual biznes əlaqələri qurmaq üçün imkan yaradır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Məhəmməd Nəsər Hayat bildirib ki, FAO bu sahədə fəaliyyət göstərən bütün iştirakçıların tərəfdaşıdır. Caspian Agro və InterFood Azerbaijan sərgiləri təkcə Azərbaycanda deyil, bütün regionda və dünyada kənd təsərrüfatının inkişafı, işgüzar əlaqələrin qurulması və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətli platformadır.

Caspian Event Organisers şirkətinin baş direktoru Fərid Məmmədov hər iki sərginin statistik göstəricilərini təqdim edib, sərginin sponsor və tərəfdaşlarına təşəkkürünü bildirib və bütün iştirakçılara məhsuldar fəaliyyət arzulayıb.

Bu il “InterFood Azerbaijan” sərgisi öz 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3000-dən çox şirkət və 150,000-dən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanmışdır. Sərgidə təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayəsi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda “InterFood Azerbaijan” sərgisi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun möhkəmləndirilməsində vacib rol oynayır.

Hal-hazırda “InterFood Azerbaijan”  və “Caspian Agro”  sərgilərində 31 ölkədən 450 şirkət öz iştirakını təsdiq etmişdir. Beləliklə sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir.


Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhətə edir.  Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində iştirak edir.

Sərgilərdə “Azersun”, “Beta”, “Futura”, Gəncə Avtomobil Zavodu, “John Deer”, “Kronen”, “Landini”, “Lindsay”, “Lovol”, “Metak”, “Mirotorq”, “New Holland”, “Solis”, “Valley” kimi aparıcı şirkətlər və sənaye liderləri təmsil olunur. Sərgilərin daimi iştirakçısı olan “Prior Leasing ASC” şirkəti “Caspian Agro” sərgisinin qeydiyyat sponsoru qismində çıxış edir.

“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.

Hər iki sərgi çərçivəsində zəngin işgüzar proqram təşkil olunub. Təqdimat zonasında II Beynəlxalq Aqrar İnnovasiyalar Forumu keçiriləcək. Tədbirdə bir sıra ölkələrin nazirləri də daxil olmaqla beynəlxalq qonaqların iştirakı gözlənilir. Forum çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B), təlim sessiyaları və treninqlər keçiriləcək.

Bu ildən etibarən Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçıları olan Caspian Event OrganisersIteca Caspian şirkətləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlığı yeni istiqamətdə genişləndirirlər.Artıq regionlardan olan kiçik və orta sahibkarlıq subyektlərinin Bakıda keçirilən beynəlxalq sərgilərdə iştirakının artırılmasına xüsusi diqqət yetirilir.

Artıq uzun illərdir ki, “InterFood Azerbaijan” sərgisi özündə ənənəvi "Qızıl Şah 2025" Beynəlxalq Kulinariya Çempionatını qəbul edir. Sayca 5-ci olan çempionatın təşkilatçısı Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasıdır. “Qızıl Şah” Çempionatı Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi (“Worldchefs”) tərəfindən lisenziyalaşdırılmış tədbirdir və beynəlxalq norma və qaydalara uyğun keçirilir.

“InterFood Azerbaijan” sərgisi çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların nar mövzusunda yaratdığı rəsmlərdən ibarət sərgi təşkil olunacaq. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin xeyriyyə hərracı keçiriləcək.

Tədbirlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.


 

Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN