Yastı şaftalı, ərik və nektarinin yeni sortları
14 may 2025
0000
Fərrux Abduxəlimov, Mərkəzi Asiya və Qafqaz bölgələri üzrə texniki satış meneceri, "PSB Produccion Vegetal"
İspaniyada yerləşən “PSB Produccion Vegetal” şirkəti şaftalı, yastı şaftalı, ərik və nektarin kimi çəyirdəkli meyvələrin seleksiyası ilə məşğuldur. İspaniya və Fransadakı plantasiyalarımızda yastı nektarin, albalı, gavalı və hətta müxtəlif növ meyvələrin birləşməsindən ibarət hibrid sortların yetişdirilməsi ilə də məşğuluq. Bizim fəaliyyətimiz bu meyvələrin yetişdirilməsi, seçimi, onların davranış xüsusiyyətlərinin öyrənilməsi, sortların qorunması, marketinqi və istehsalını əhatə edir. Bu iş asan deyil. 6-12 illik müddət ərzində 20-30 min müxtəlif meyvə növünün klonlarını çarpazlaşdıraraq yeni sortlar əldə edirik. Bu sortların əsas xüsusiyyətləri müəyyən iqlim şəraitinə davamlı olmaları və uzunmüddətli istehsal imkanı təqdim etməsidir.
İstehlakçı tələblərini qarşılamaqla yanaşı, bağbanlara müxtəlif fəsillərdə məhsul yetişdirmək imkanı veririk. Bu da onları mövsümi asılılıqdan azad edir.
Biz meyvə yetişdirilməsi və ting satışları ilə məşğul olmuruq. Fəaliyyətimiz yalnız meyvə sortlarının seleksiyası ilə bağlıdır. Daha sonra bu sortlar fidanlıqlara və bağçılıq təsərrüfatlarına satılır. Məhsullarımız Azərbaycanda yaxşı tanınır, burada bir çox yastı şaftalı, ərik və nektarin sortları yetişdirilir. Lakin yerli bağbanlar bəzən bilmirlər ki, yetişdirdikləri bu sortlar məhz bizim tərəfimizdən yaradılıb.
Məhz bu səbəbdən biz “InterFood Azerbaijan” sərgisində iştirak edirik. Məhsullarımız Azərbaycanda tanınsa da, yerli bazarın marketinq araşdırması göstərdi ki, seleksiya meyvələri hələ ölkənizdə geniş yayılmayıb. Buna görə də sərgidə iştirakımızın əsas məqsədi fəaliyyətimizin nəticələrini nümayiş etdirmək və seleksiya imkanlarına diqqət çəkməkdir.
Sərginin ilk günü məhsullarımıza böyük maraq olduğunu göstərdi. Sərginin üstünlüyü ondadır ki, burada potensial müştərilərə məhsullarımızın bütün üstünlükləri və çatışmazlıqları barədə ətraflı məlumat verə bilirik. Azərbaycanda kifayət qədər tərəfdaşımız var. Sərginin ilk günü nəticəsində onların sayı bir neçə dəfə artdı.