Anastasiya Karneyeva, “Belinterexpo” Unitar Sərgi Müəssisəsinin layihə meneceri
– Biz Belarus məhsullarının Azərbaycan bazarında populyar olmasını nəzərə alaraq, builki “WorldFood Azerbaijan” sərgisində kollektiv stend təşkil etmişik. Əvvəllər bir sıra şirkətlər sərgidə ayrı-ayrılıqda iştirak ediblər. Lakin bu dəfə milli stendə olan marağın daha yüksək olduğunu düşündük, çünki bu, ölkənin simasıdır. Bundan başqa, bütün eksponentlərimiz səfirlik və nazirlik tərəfindən dəstəklənir.
Sərgidə doqquz şirkət qida məhsullarını təmsil edir. Bu şirkətlərin məhsul çeşidi çox genişdir və istənilən növ ət və süd məhsullarından tutmuş, uşaq qidası, konservləşdirilmiş qidalar, dondurulmuş yeməklərə qədər müxtəlif məhsullardan ibarətdir. Stendimizdə hər şirkət ayrı-ayrılıqda öz məhsullarını nümayiş etdirir. “Гомсельмаш” şirkəti isə kombaynlar, yığım maşınları, otbiçənlər və digər avadanlıqların böyük spektrinin istehsalını təqdim etməklə bizim kollektivə qoşulub.
Sərgi yüksək keyfiyyətlə təşkil olunub, ilk növbədə işgüzar dairələrin dəvət olunması üzrə ciddi iş aparılıb və mötəbər işgüzar proqram, o cümlədən “B2B” formatlı tədbir hazırlanıb. Bu əlaqələr qurmağa və səmərəli danışıqlar aparmağa kömək edir. Biz sərginin ilk iş günündə məhz bunları həyata keçirmişik.