Mehmet Bekiş, “Roots of Peace” şirkətinin satış üzrə mütəxəssisi
Bizim şirkət “InterFood” sərgisində debüt edir. Mən özüm İstanbulda yaşayıram, Azərbaycanda isə Əfqanıstanın “Wais Sodais Co. Ltd”, “Ikram Ezat Ltd”, “Afghanistan Red Gold Saffron” və “New Yaqoubi Ltd” şirkətlərini təmsil edirəm. Bu şirkətlər qoz-fındıq və ədviyyat, həmçinin üzüm, əncir, zəfəran və s. məhsulların satışı ilə məşğuldur.
Məqsədimiz Azərbaycan bazarına daxil olmaq, məhsullarımızın ixracını təmin etməkdir. İstəyirik ki, Azərbaycan sahibkarları şirkətlərimiz ilə tanış olsunlar. Əfqan zəfəranı bütün dünyada məşhurdur. Bu məhsul İspaniyada keçirilən sərgidə keyfiyyətinə görə ikinci yeri tutub. Əfqan ənciri də özünəməxsus dadı və keyfiyyəti ilə seçilir.
Hazırda məhsullarımızı bir çox ölkəyə satırıq, doğrudur pandemiya səbəbindən bu proses pik həddə çatmadı, çünki çoxlu sayda müştəri ilə görüşə bilmədik. Sərgi yüksək səviyyədə təşkil edilib, ziyarətçilərin marağı böyükdür və ticarət əlaqələri qurmaq üçün bir çox layihələr həyata keçirməyə hazırıq.
Mən hesab edirəm ki, kənd təsərrüfatı sənayesinin inkişafında sərginin rolu çox böyükdür. Biz potensial müştərilərlə canlı görüşlər keçirir, beynəlxalq ticarətdə vacib amil olan qarşılıqlı etimada əsaslanan dialoq aparırıq. Burada istənilən uğurlu şirkətin ən yaxşı məhsul və xidmətlərini nümayiş etdirmək üçün yaxşı potensial var. Belə sərgilərin keçirilməsi dünyada işgüzar fəaliyyətin artmasının təminatıdır.