Tbilisi, 16 may, AZƏRTAC
Gürcüstanın rus və gürcü dillərində yayımlanan nüfuzlu “sputnik-georgia.ru” saytı mayın 15-də Bakı Ekspo Mərkəzində keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri və Prezident İlham Əliyevin bu tədbirlərdəki iştirakı ilə bağlı geniş material yayıb.
AZƏRTAC xəbər verir ki, materialda sərginin əhəmiyyəti yüksək qiymətləndirilir və Gürcüstanın müxtəlif məhsullar, o cümlədən spirtli içkilər təqdim edən 11 şirkətinin bu tədbirlərdə iştirakı qeyd olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan şirkətlərinin məhsulları ilə tanış olduğu və dövlətimizin başçısına Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin hədiyyə edildiyi xüsusi qeyd edilir.