“WorldFood Azerbaijan”: ərzaq təhlükəsizliyi üzrə aparıcı layihələr və dünya istehsalçılarının uğurlu təcrübəsi

“WorldFood Azerbaijan”: ərzaq təhlükəsizliyi üzrə aparıcı layihələr və dünya istehsalçılarının uğurlu təcrübəsi

21 may 2015 0000

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Qida sənayesi” (“WorldFood Azerbaijan 2015”) sərgisi öz işinə başlayır. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər. “WorldFood Azerbaijan 2015” sərgisi ilə paralel olaraq 9-cu Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” (“CaspianAgro 2015”) sərgisi keçirilir və bu da şübhəsiz ki, hər iki tədbirin səmərəliliyini daha da artırır.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ardıcıl olaraq bir neçə ildir ki, “Qida sənayesi” sərgisini ziyarət edir və sərginin ekspozisiyasında nümayiş etdirilən yeni məhsullarla tanış olur. Ənənəvi olaraq, ölkə başçısı bu il də “Qida sənayesi” və “Caspian Agro” sərgilərinin fəxri qonağı olmaqla yanaşı, tədbirlərin əsas istiqamətləri ilə tanış oldu və dünya şöhrətli istehsalçıların stendlərini ziyarət etdi.

Azərbaycanda “Kənd Təsərrüfatı İli”nə təsadüf edən bu sərgi qida sənayesi üzrə beynəlxalq mütəxəssislər, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distribyutorları, habelə balıq təsərrüfatı və un istehsal edən zavodların sahibləri ilə görüş yerinə çevrildi. Sərgidə qida sənayesi sahəsi üzrə yeniliklər, işgüzar əlaqələr, qida sənayesi kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi sahibkarlar, fermerlər və qida sənayesinin peşəkarları üçün prioritetə çevrilmişdir. Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək bildirdi ki, kənd təsərrüfatı sahəsi iqtisadiyyatın qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Bununla yanaşı, əsas diqqət ərzaq təhlükəsizliyi, rəqabətlilik və idxala yönəldilir. Bu sərgi qabaqcıl təcrübələrin öyrənilməsinə imkan verməklə yanaşı, qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətə davamlı olmasına kömək edir. Belarus Respublikasının kənd təsərrüfatı nazirinin müavini cənab Vladimir Semaşko öz çıxışında kənd təsərrüfatı sektorunun Azərbaycan iqtisadiyyatındakı artan rolunu qeyd edərək, kənd təsərrüfatı sənayesi üzrə böyük beynəlxalq layihələrin reallaşdırılmasında Belarus - Azərbaycan əlaqələrinin aktuallığını vurğuladı. “ITE Group Plc.” şirkətinin icraçı direktoru cənab Edvard Stroon isə öz çıxışında göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığını bildirdi.

Bu il sərgi şirkətlərin sayına və əhatə etdiyi sahəyə görə 15% artım nümayiş etdirərək dünyanın 33 ölkəsindən 151 şirkəti bir arada toplamışdır. Sərgi eksponentlərinin 26%-ni təşkil edən yerli istehsalçı və distribyutorlar böyük fəallıq göstərirlər. “ITE Group Plc.” şirkətinin tərəfdaşlar şəbəkəsi – “ITE London”, “EUF” (Тürkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (Dubay) şirkətləri beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edirlər.

Bu il Azərbaycan, Əlcəzair, Çexiya, Amerika Birləşmiş Ştatları və digər ölkələrin şirkətlərindən ibarət olan debütantlar sərgi iştirakçılarının 45%-ni təşkil edirlər. Sərgidə fərdi stendlərlə yanaşı, 5 xarici kollektiv ekspozisiya da yer alır və bu, “WorldFood Azerbaijan” sərgisinin beynəlxalq qida məhsulları bazarındakı nüfuzunu bir daha təsdiq edir.

Argentina, Avstraliya, Belarus, Litva və Polşanın müəssisə və fabriklərinin nümayəndələri sərgi ziyarətçilərinə istər uzun illər sevilən, istərsə də Azərbaycan bazarı üçün yeni olan məhsullarını təqdim edirlər. Milli stendlərin bu cür fəal iştirakı “WorldFood Azerbaijan” sərgisinin beynəlxalq qida məhsulları bazarındakı nüfuzunu bir daha təsdiqləyir.

Ümumilikdə, iştirakçılar öz məhsullarını üç əsas istiqamət üzrə təqdim edirlər: “Qida sənayesi” (“WorldFood”), “İçkilər” (“WorldDrink”) və “Texnologiyalar” (“WorldFoodTech”). Sərgi “Kənd Təsərrüfatı İli”ndə qida sənayesi üzrə yeni məhsulların geniş çeşidini təqdim edir. Sərginin ümumi ekspozisiyasında balıq, mal / qoyun və quş əti, çay və qəhvə, süd məhsulları, dondurulmuş qidalar, quru meyvələr, baqqaliyyə, qənnadı və un məmulatları və digər məhsullar təqdim olunur. Sərgi ziyarətçilərini ən yaxşı avadanlıq istehsalçıları və qida sənayesindən təqdimatlar, habelə ustad dərsləri (“master class”) və çoxsaylı maraqlı təkliflər gözləyir.

Artıq ardıcıl olaraq bir neçə ildir ki, “WorldFood Azerbaijan” sərgisi ilə eyni vaxtda keçirilən Xəzər Beynəlxalq “Qablaşdırma, tara, etiket və poliqrafiya” (“Ipack Caspian 2015”) sərgisi “Qablaşdırma” sektorunu təqdim edir. Bu il Azərbaycan, BƏƏ, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrin şirkətləri qablaşdırmanın istehsalı üçün lazımı dəzgah və avadanlıqları, habelə qablaşdırma materialları və hazır məhsulları, eləcə də etiketləmə məhsullarını təqdim edirlər.

“WorldFood Azerbaijan 2015” sərgisi çərçivəsində sərginin xarici iştirakçıları və şəhərin qonaqlarını Azərbaycan mətbəxi və onun zəngin koloriti ilə tanış edən “Food Gallery by Nubar Hasanova” (“Nübar Həsənovanın “Qida” qalereyası) adlı fotosərgi maraqlı və yeni bir hadisəyə çevrildi.

“WorldFood Azerbaijan 2015” və “Ipack Caspian 2015” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgi artıq 7 ildir ki, beynəlxalq sərgi cəmiyyəti olan “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının rəğbətini qazanmışdır və bu da sərginin bütün beynəlxalq standartlara uyğunluğunu təsdiq etməklə yanaşı, tədbirin yüksək səviyyədə təşkil olunduğunu nümayiş etdirir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN