Mayın 8-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro Week, 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi InterFood Azerbaijan və 14-cü Xəzər Beynəlxalq “Otellər, Restoranlar və Supermarketlər üçün hər şey” Horeca Caspian sərgisi öz işini başa çatdırdı. Sərgilərdə dünyanın 45 ölkəsindən 447 şirkət iştirak edib. Tədbirlər “Caspian Event Organisers” şirkəti və onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” tərəfindən təşkil olunub.
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakı Ekspo Mərkəzini ziyarət edərək yerli və xarici kənd təsərrüfatı və qida məhsulları istehsalçılarının aparıcı ekspozisiyaları ilə tanış olublar. Sərgidə Azersun Holding, Agro Dairy, Holmer, New Holland, PhosAgro, Azera, Favo Agro, Industrias David, AFI Projects və digər şirkətlərin stendləri diqqət çəkib.
Uzun illərdir ki, sərgilər etibarlı və tanınmış milli brend kimi qlobal sərgi təqvimində layiqli yer tutaraq dünyanın aparıcı beynəlxalq tədbirlərindən birinə çevrilib. Sərgilər kənd təsərrüfatı və qida sənayesinin əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, eləcə də idxalçılar, ixracatçılar, distribyutorlar, topdansatış və pərakəndə ticarət nümayəndələri və fermerlər daxil olmaqla minlərlə peşəkar ziyarətçini bir araya gətirib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayan sərgilərə təşkilati dəstək göstərib və aqrar sektorun inkişafına yönəlmiş layihələr, dövlət dəstəyi mexanizmləri, rəqəmsal həllər və innovativ yanaşmalar haqqında məlumatların təqdim olunduğu öz stendi ilə iştirak edib.
Təşkilatçıların bu ilki yeniliklərindən biri Caspian Agro sərgisinin “Caspian Agro Week” konsepsiyası əsasında təşkil olunması idi. Bu konsepsiya kənd təsərrüfatı texnikası, avadanlıq və obyektlər, suvarma sistemləri, qablaşdırma, logistika, elektron kənd təsərrüfatı, innovativ texnologiyalar, heyvandarlıq, quşçuluq, bitkiçilik, baytarlıq və tullantıların emalı kimi sahələri əhatə edib.
Sərginin Smart Agro istiqaməti “Süni intellekt”, “Ağıllı kənd”, “Startaplar”, “İT xidmətləri”, “Robototexnika”, “Pilotsuz uçuş aparatları” və “Green Agro” bölmələri ilə təmsil olunub. Bakı Ekspo Mərkəzinin təqdimat zonasında “Food & Agro Talks” platforması çərçivəsində sahəvi təqdimatlar və ustad dərsləri təşkil edilib.
InterFood Azerbaijan sərgisi qida sənayesi, içkilər, meyvə və tərəvəzlər, qida texnologiyaları və digər istiqamətlər üzrə məhsul və xidmətləri nümayiş etdirib. Sərgi çərçivəsində iştirakçılar və dəvət olunmuş şirkətlər üçün “Retail Center – Ticarət Şəbəkələri Görüş Mərkəzi” fəaliyyət göstərib.
Beynəlxalq iştirakçılar və yerli şirkətlərlə yanaşı, bu il sərgilərdə Azərbaycanın regionları da fəal şəkildə təmsil olunub. Ziyarətçilər ölkənin müxtəlif bölgələrinin aqrar və ərzaq potensialı ilə tanış olublar.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə sərgilərin təqdimat zonasında bir sıra forumlar, konfranslar və ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçirilib. Burada həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə John Deere Walldorf International GmbH şirkəti arasında strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu, eləcə də İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının (IOFS) Nizamnaməsi imzalanıb.
İlk dəfə olaraq Caspian Agro Week və InterFood Azerbaijan çərçivəsində sərgidə iştirak edən alıcı ziyarətçilər üçün mümkün qədər səmərəli və rahat iş şəraiti yaratmaq məqsədilə “Hosted Buyer” proqramı təşkil olunub.
“WomenSpace: Qida, Ünsiyyət, Mentorluq” tədbiri və şokoladdan hazırlanmış art-instalyasiyalar sərgisi də ziyarətçilərin böyük marağına səbəb olub.
Hər il təşkilatçılar ölkənin müxtəlif regionlarından fermerlər üçün sərgi turları təşkil edirlər. Bu il Azərbaycanın 51 regionundan 500-dən çox fermer müasir avadanlıq və innovativ həllərlə yüksək
keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edən şirkətlərin ən son yenilikləri və beynəlxalq təcrübəsi ilə tanış olmaq imkanı əldə edib.
Sərginin müşayiət proqramında Milli Kulinariya Çempionatı “Qızıl Şah” mühüm yer tutub. Bu ənənəvi müsabiqə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən Dövlət Turizm Agentliyi və Milli Kulinariya Mərkəzinin dəstəyi, həmçinin Dünya Aşpazlar Assosiasiyası (Worldchefs) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Çempionatın əsas məqsədi qastronomiyanın inkişafına dəstək vermək və ümumilikdə Azərbaycanı qastronomik turizm istiqaməti kimi tanıtmaqdır. Müsabiqənin vəzifələri yerli aşpazların beynəlxalq təcrübə vasitəsilə peşəkarlıq səviyyəsinin artırılması və xarici mütəxəssislərin Azərbaycan milli mətbəxinin hazırlanma metodologiyası ilə tanış olmasıdır.
Çempionatda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar iştirak edib. Münsiflər heyətində ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən Worldchefs tərəfindən lisenziyalaşdırılmış beynəlxalq aşpaz-hakimlər yer alıb.
Sərgilərə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası dəstək göstərib.