Rza Məmmədov, “Azersun Holding”in PR departamentinin rəhbəri
Azərbaycanın ən böyük holdinqlərindən biri olan “Azersun Holding” sərgidə bir neçə istiqamət üzrə – kənd təsərrüfatı, qida sənayesi və qeyri-qida sahəsində təmsil olunur. Sərgidə holdinqə daxil olan iyirmidən artıq istehsalat müəssisəsinin məhsulları nümayiş olunur. Şirkətlərin stendlərində ziyarətçilərə məhsullarımızın istehsalında geniş tətbiq olunan dayanıqlı və innovativ texnologiyalar barədə məlumat verilir.
Ənənəvi stendlərlə yanaşı, ikinci zalda Kağız və Karton İstehsalı Korporasiyasının stendi yerləşir. Burada kağız və kartonun təkrar emalı, həmçinin təmizləyici vasitələr və salfetlərin istehsalı barədə ətraflı məlumat almaq mümkündür.
Biz hər sərgi üçün yeni məhsullar hazırlamağa çalışırıq. Yaxın vaxtlarda “Nobel Food” şirkətinin yeni istehsal xəttini istifadəyə veririk və bu şirkətin məhsullarını ziyarətçilərə təqdim edirik. Yeniliklər arasında “Azərçay” şirkətinin ətirli çay növləri də var.
Mən hər zaman bizneslə məşğul olanlara sərgilərdə iştirak etməyi tövsiyə edirəm. Bu, biznesinizə təkan verəcək, bazarı anlamağınıza kömək edəcək və əlaqələrin genişlənməsinə şərait yaradacaq. Keçmiş illərdə “InterFood Azerbaijan” sərgisində iştirak təcrübəmiz göstərir ki, biz hər zaman sərgidən fayda əldə etmişik. Sərgi günlərində aparılan müzakirələrdən demək olar ki, həmişə geri dönüşlər olub. Məsələn, “Made in Azerbaijan” brendi altında təklif etdiyimiz bir sıra məhsullar sərgidə beynəlxalq alıcılar tapıb.