InterFood Azərbaycan – Çoxmilyonlu Müqavilələr İmzalanıb
16 may 2025
0000
16 mayda Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq “Qida Sənayesi” sərgisi – InterFood Azərbaycan öz işini başa vurdu. Bu tədbir, Xəzər regionunun ən böyük kənd təsərrüfatı və qida sənayesi sərgisi olan 18-ci Azərbaycan Beynəlxalq “Kənd Təsərrüfatı” sərgisi – Caspian Agro ilə paralel olaraq keçirildi. Hər iki sərgi, milli brendə çevrilmiş, CaspianEvent Organisers şirkəti və onun tərəfdaşları Caspian Event Management və ICA Events tərəfindən təşkil olunub.
Tədbirlərin aktuallığının mühüm göstəricisi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Caspian Agro və InterFood Azərbaycan sərgilərini ziyarət etdi və Bakı Ekspo Mərkəzindəki çoxsaylı ekspozisiyalarla tanış oldu. Sərgilər, aparıcı sahibkarları, yerli və xarici ekspertləri, idxalçıları, ixracatçıları, kənd təsərrüfatı məhsullarının distribyutorlarını, topdan və pərakəndə ticarət nümayəndələrini bir araya gətirərək təcrübə, bilik və innovasiyaların mübadiləsini təmin etdi. Açılış mərasimində çıxış edən yüksək vəzifəli şəxslər, InterFood Azərbaycan sərgisinin ərzaq təhlükəsizliyinin təmin olunmasında və qida mədəniyyətinin inkişafında xüsusi rolunu vurğuladılar.
İştirakçıların və ziyarətçilərin tələblərini nəzərə alaraq, bu il sərgilər dörd gün ərzində fəaliyyət göstərdi. Təşkilatçıların fikrincə, layihənin yeni həyata keçirilmə formatı iştirakçılar və ziyarətçilər arasında geniş qarşılıqlı əlaqənin qurulmasına şərait yaratdı. Sərgilər müddətində iştirakçılar, yerli və xarici biznes nümayəndələri arasında perspektivli işgüzar razılaşmalar bağlandı və çoxmilyonlu əməkdaşlıq müqavilələri imzalandı.
InterFood Azərbaycan və Caspian Agro sərgilərində 30-dan çox ölkəni təmsil edən təxminən 450 şirkət iştirak etdi və Bakı Ekspo Mərkəzinin bütün pavilyonları və açıq sahəsi sərgilərə ayrıldı. İştirakçılar arasında “Azersun”, “Beta”, “Futura”, Gəncə Avtomobil Zavodu, “John Deere”, “Kronen”, “Landini”, “Lindsay”, “Lovol”, “Metak”, “Miratorq”, “New Holland”, “Solis”, “Valley” və digər iri şirkətlər yer alır.
Bu il InterFood Azərbaycan sərgisi özünün 30 illik yubileyini qeyd edir. Bu müddət ərzində sərgi, effektiv biznes platformasına çevrilərək 3000-dən çox şirkət və sahə liderini, həmçinin 150.000-dən çox ziyarətçini qəbul edib. Sərgidə təqdim olunan yeni texnologiyalar və innovativ həllər, qida sənayesinin inkişafı və işgüzar əlaqələrin genişlənməsi üçün əlverişli imkanlar yaradır. InterFood Azərbaycan sərgisi, ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edir və onun formalaşmasında və gücləndirilməsində mühüm rol oynayır.
InterFood Azərbaycan sərgisində qida sənayesi, içkilər, şirniyyat məhsulları, süd məhsulları, çörək və un məmulatları, meyvə və tərəvəzlər, qablaşdırma, qida texnologiyaları, habelə halal məhsullar və digər bölmələr üzrə məhsul və xidmətlər nümayiş etdirildi.
Hər iki sərgi çərçivəsində zəngin işgüzar proqram təşkil olundu. Prezentasiya zonasındakı 2-ci Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda bir sıra ölkələrin nazirləri iştirak etdilər. Forumda müasir aqrar yanaşmalarda aqropark modelləri, kənd təsərrüfatında süni intellektin tətbiqi, aqrar sığorta sistemlərinin inkişafı və kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi kimi məsələlər müzakirə olundu.
Ənənəvi olaraq, müxtəlif bölgələrdən olan fermerlər üçün sərgiyə təşkil olunan turlar böyük fayda verdi. Bu il sərgilər çərçivəsində fermerlər ən son sahə nailiyyətləri və beynəlxalq təcrübə ilə maraqlandılar. Tur iştirakçıları tədbirin təşkilinin təcrübə mübadiləsinə kömək etdiyini və kənd yerlərində istehsalın keyfiyyətinin yüksəldilməsinə və yaşayış şəraitinin yaxşılaşdırılmasına səbəb olduğunu bildirdilər.
Caspian Agro və InterFood Azərbaycan sərgilərinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayesi İstehsalçıları Assosiasiyası (AQİSA), BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal dəstək göstərildi.