Sərgi platformasından səmərəli istifadə etmək lazımdırMən ət məhsulları və dondurulmuş ət məhsullarının texnologiyası üzrə mütəxəssisəm. Ümumiyyətlə, əldə etdiyim bilgiləri paylaşmağı sevən insanam. Mənim üçün əsas məsələ bu sahədə hansı inkişafların və yeniliklərin olduğunu izləmək, gedən proseslərdən xəbərdar olmaqdır.
Dünya inkişaf edir və Azərbaycanın da buna uyğun sərgilərinin keçirilməsi çox vacibdir. Qida sənayesinin inkişaf səviyyəsinə uyğun olaraq belə tədbirlərin təşkili olduqca əhəmiyyətlidir. Nə qədər çox inkişaf olsa, bir o qədər yaxşıdır.
Mənim sahəmə aid olan bir neçə yenilikləri sərgidə gördüm. Məsələn, Amerika şirkətlərinin bizim bazarda təmsil olunması maraqlı yeniliklərdən biridir. Mən bunu əvvəllər bilmirdim. Burada Şamaxıda yerləşən böyük və yeni aqro-kompleks haqqında da məlumat aldım. Hazırda əsasən daxili bazarda fəaliyyət göstərirlər, amma görünür ki, xarici bazara da məhsul göndərirlər. Məsələn, “steak” və digər məhsulların ixracı həyata keçirilir.
İnsanların məlumatlılıq səviyyəsinin aşağı olması bir çox sahələrdə özünü göstərir. Məsələn, son dövrlərdə Ukrayna əti Azərbaycan bazarına daxil olub. Bəzi insanlar buna skeptik yanaşırlar. Halbuki Sovet dövründə də belə məhsullardan istifadə olunurdu və indi də sümüksüz şəkildə gətirilir. Burada əsas məsələ insanlara düzgün məlumatın çatdırılmasıdır.
Əgər hansısa məhsulun bazarda möhkəmlənməsi və istehlakçılar tərəfindən qəbul olunması istəyirsənsə, onun tanıtımı və maarifləndirilməsi düzgün aparılmalıdır. İnsanlara məhsulun keyfiyyəti, mənşəyi və istifadəsi haqqında məlumat verilməlidir. Bu həm bazarın formalaşmasına, həm də cəmiyyətdə yaranan müəyyən narahatlıqların azalmasına kömək edə bilər.
Belə sərgilər də bu baxımdan faydalıdır. İnsanlar sərgidə müxtəlif məhsulları, texnologiyaları və yerli brendləri yaxından görürlər. Bu, onların məlumatlılığını artırır və bazara inam yaradır. Amma düşünürəm ki, reklam və maarifləndirmə işi daha güclü aparılmalıdır. Çünki bəzi məhsullar haqqında kifayət qədər məlumat olmur — nə qiyməti, nə də bazardakı mövqeyi barədə insanlar dolğun informasiya əldə edə bilirlər. Bunun üçün şirkətlər və aidiyyəti qurumlar daha fəal işləməlidirlər və sərgi platformasından səmərəli istifadə etməlidirlər.