Regionun aparıcı kənd təsərrüfatı və qida sənayesi sərgiləri “Caspian Agro Week” və “InterFood Azerbaijan” may ayında baş tutacaq

Regionun aparıcı kənd təsərrüfatı və qida sənayesi sərgiləri “Caspian Agro Week” və “InterFood Azerbaijan” may ayında baş tutacaq

9 aprel 2026 0000

Azərbaycanda beynəlxalq sərgilər mövsümünə may ayında kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük sərgiləri ilə start veriləcəkdir. 5-8 may tarixlərində Bakı Ekspo Mərkəzində artıq milli brendə çevrilmiş “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.

Sərgilərdə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən daim xüsusi diqqət yetirilir. Uzun illərdir ki, “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgilərə təşkilati dəstək göstərir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) bu sərgiləri dəstəkləyirlər. “Caspian Agro Week” sərgisinin sponsorları “Imotors” və “Lovol” şirkətləridir.

Bu il sərgilər bir sıra yeniliklərlə yadda qalacaq. Daha öncə “Caspian Agro” adı ilə tanınan sərgi 2026-cı ildən etibarən yeni brend - “Caspian Agro Week” adı ilə təşkil edilərək, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu kimi təqdim olunur. Təşkilatçılar hesab edirlər ki, yenilənmiş və genişlənmiş konsepsiya sərgiyə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaqdır.

Hazırda aktiv şəkildə sərgilərə hazırlıq prosesi davam edir. İndiyədək sərgilərdə iştirakını dünyanın 30-dan yuxarı ölkəsindən 300-dən çox şirkət təsdiq etmişdir.

Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Belçika, Braziliya, Cənubi Koreya, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Hindistan, İndoneziya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Latviya, Misir, Niderland, Qazaxstan, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya və Vyetnamı əhatə edir.

Eyni zamanda sərgilər çərçivəsində AFAZ (Africa-Azerbaijan Cooperation), Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər. Qeyd etmək lazımdır ki, AFAZ və Braziliya bu sərgilərə ilk dəfə qatılır.

Bu il də Bakı Ekspo Mərkəzindəki ekspozisiya sahələrinin demək olar ki, əksər hissəsi dünyanın müxtəlif ölkələrindən olan şirkətlər tərəfindən tutulmuşdur. Sərgilər Bakı Ekspo Mərkəzinin həm qapalı pavilyonlarında, həm də açıq hava sahəsində təşkil olunur. Xüsusilə açıq sahədə kənd təsərrüfatı üçün nəzərdə tutulan irihəcmli texnika və ən müasir aqrar məhsulların geniş ekspozisiyası nümayiş olunacaqdır. Burada ziyarətçilər aqrar sektorun ən son texnoloji nailiyyətləri və avadanlıqları ilə yaxından tanış ola biləcəklər.

Mühüm yeniliklərdən biri də odur ki, 2026-cı ildə “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda cəmləşəcək. Beləliklə, qida sənayesini təmsil edən bütün yerli və xarici şirkətlər öz məhsullarını məhz bu pavilyonda ziyarətçilərə təqdim edəcəklər. Bu yanaşma ziyarətçilərin sərgi daxilində vaxtına qənaət etməsinə və qida sektoruna aid bütün yenilikləri vahid bir məkanda, daha rahat şəkildə izləməsinə imkan yaradır.

Xarici ölkə nümayəndələri və yerli şirkətlərlə yanaşı, bu il sərgidə Azərbaycanın bölgələri də aktiv şəkildə təmsil olunacaq. Ziyarətçilər sərgilər çərçivəsində bölgələrin aqrar və qida sahəsindəki imkanları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bu sərgilər üçün zəngin işgüzar proqram hazırlanmışdır: Bakı Ekspo Mərkəzində 4 gün ərzində "Qızıl Şah 2026" Beynəlxalq Kulinariya Çempionatı, “Food & Agro Talks” adlı sahə üzrə təqdimatlar və master-klasslar, 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, 5-ci Aqrobiznesin İnkişafı Forumu, Risklərə Qarşı Aqrar Sığortanın Gücü Forumu, "Dövlət–özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu", "AGROSCIENCE" Forumu, eləcə də müxtəlif bölgələri təmsil edən fermerlərin sərgilər üzrə turu təşkil olunacaq. Bununla yanaşı, ənənəvi işgüzar görüşlər (B2B/B2G) yeni formatda təqdim ediləcək.

“Caspian Agro Week”, “InterFood Azerbaijan” və “Horeca Caspian” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Rəsmi otel tərəfdaşı “Absheron Hotel Group”, rəsmi “outdoor” reklam tərəfdaşı isə“Bilbord.al” şirkətidir. Sərgilər haqqında ətraflı və daim yenilənən məlumatları www.caspianagroweek.az, www.interfood.azwww.horecaexpo.az rəsmi internet səhifələrindən, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN