Məsud Ab Rahman
“Milad Noor Nawin Co.Ltd” şirkətinin vitse-prezidenti
Mən Əfqanıstan şirkətlərinin birgə stendində şirkətlərdən birini təmsil edirəm. Əməkdaşı olduğum şirkət burada əsasən Əfqanıstandan ixrac edilən qurudulmuş məhsullar, qoz-fındıq, göyərti və s. məhsulları təklif edir. Bu sərgidə ilk dəfədir ki, iştirak edirik. Biz yeni hədəflərə çatmaq, yeni bazarlar, yeni müştərilər qazanmaq istəyirik. Buna görə də biznesimizi genişləndirmək imkanlarını araşdırırıq, çünki yalnız bir bazardan asılı ola bilməzsiniz, daim yeni bazarlar axtarmaq lazımdır.
Bu sərgi, şübhəsiz ki, bizə özümüzü tanıtmaq, bəzi məhsul nümunələrimizi nümayiş etdirmək, Azərbaycan bazarını araşdırmaq və Əfqanıstandan bura nə gətirə biləcəyimizi öyrənmək şansı verdi. Bu bazara daxil olmaq yolunda hansı çətinliklər və problemlərlə qarşılaşa biləcəyimizi müəyyən etmək istəyirik. Qiymətlər, qanunlar və digər məsələlərlə bağlı öyrənməli olduğumuz çox şey var. Hər şeyi zaman göstərəcək. Yerli iş adamları ilə qurduğumuz təmasların əksəriyyəti məhsulların müxtəlif yerli şəbəkələrə - hotellərə, şokolad fabriklərinə və digər bu kimi müəssisələrə tədarükü ilə bağlıdır. Dequstasiyadan sonra məhsullarımızla bağlı xeyli müsbət rəylər aldıq və əlbəttə ki, gələcəyə nikbin baxırıq.
Oxşar məhsullar təklif edən rəqiblərdən üstünlüyümüz topdansatış və yüksək keyfiyyətli məhsul tədarükçüsü olmağımızdadır. Bu iki amil – yüksək keyfiyyət və rəqabət qabiliyyətli qiymət - bir araya gəldikdə, sizi digərlərindən üstün edir. Bunu nəzərə alaraq, növbəti il yenidən bu sərgidə iştirak edəcəyimizə ümid bəsləyirik.