Abbas Şahbazi, “Metak” şirkətinin marketinq üzrə meneceri
– “Metak” şirkəti iyirmi ildən artıqdır ki, Azərbaycan bazarında fəaliyyət göstərir. Metal boruların istehsalı ilə fəaliyyətə başlamış şirkət hazırda bir sıra istiqamət üzrə fəaliyyət göstərir. Bu istiqamətlərdən biri kənd təsərrüfatı sahəsində tələb olunan məhsulların istehsal edilməsidir ki, şirkətimizin “WorldFood” sərgisindəki iştirakı da məhz bununla bağlıdır.Belə ki, sərginin ziyarətçiləri bizim stenddə intensiv bağçılıq təsərrüfatlarında tətbiq olunan müxtəlif ləvazimat və avadanlıqlarla tanış ola bilərlər. Məlum olduğu kimi, bu sahə istehsalçıların minimal sahə ilə maksimum məhsuldarlıq əldə etdikləri dünya təcrübəsidir. Bu təcrübənin tətbiqi üçün daha əvvəl Azərbaycanda istehsal olunmamış xüsusi vasitələr tələb olunur. Hazırda “Metak” şirkəti intensiv bağçılıq və kənd təsərrüfatı üçün idxalı əvəz edən keyfiyyətli məhsulların istehsalını təşkil edir.
Bundan başqa, şirkətimizin bölmələrindən biri təsərrüfatın idarə edilməsi üçün tam təchizatlı avadanlıq, xidmət və konsultasiyaları əhatə edən bağçılıq təsərrüfatlarının istifadəyə hazır şəkildə təhvil verilməsini həyata keçirir.
Sərginin ilk iş günü buraya qərar qəbul etməyə hazır olan şirkət rəhbərlərinin toplanması ilə səciyyələnir. Sərgi çərçivəsində keçirilən görüşlər əsas etibarilə məhsuldar olur və perspektiv səciyyə daşıyır. Biz artıq bu gün bir neçə belə maraqlı görüşlər keçirmişik.