Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə müsahibə

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə müsahibə

12 may 2018 0000
  • “Qida təhlükəsizliyi” məfhumu sizcə nələri ehtiva edir və onun səciyyəvi əlamətləri hansılardır? Bunlar konkret rəqəmlərlə ifadə olunurmu?

İlkin istehsaldan yəni tarladan  və ya fermadan süfrəyə qədər, istehsalçıdan istehlakçıya çatanadək, qida zəncirinin hər bir mərhələsində fiziki, kimyəvi və mikrobioloji çirkləndiricilərdən qorunaraq qida qaynaqlı xəstəlik riskindən azad edilmiş qidaya “Təhlükəsiz qida” deyilir.

Qida zəncirinin bütün mərhələlərində - ilkin istehsal, istehsal, daşınma, saxlanma, satış və həmçinin istehlak zamanı aşağıdakı məsələlərə əməl olunduqda,

  • təmiz və təhlükəsiz xammal və sudan istifadə olunduqda,
  • qida məhsulu düzgün bişirildikdə və yenidən qızdırıldıqda,
  • müvafiq şəraitdə saxlandıqda,
  • vaxtında istehlak edildikdə,
  • çiy və bişmiş qidaların təmasına imkan verilmədikdə,
  • şəxsi gigiyena qaydalarına riayət edildikdə,
  • istehsal yeri təmiz saxlandıqda,
  • zərərvericilərdən effektiv formada mühafizə edildikdə

son nəticədə təhlükəsiz qida əldə edilir.

Rəqəmsal baxımdan qida təhlükəsizliyi qida zəhərlənməsi və qidadan qaynaqlanan xəstəliklərin statistikası; fiziki, kimyəvi və bioloji müayinələrin nəticələrinə və s. əsasən qiymətləndirilə bilər.

  • Qida məhsullarının istehsalını ehtiva edən bütün mərhələlərdə istehlakçı hüquqlarının qorunması üzrə dövlət nəzarəti necə həyata keçiriləcək? Qida məhsullarının satın alınması və sertifikatlaşdırılması üzrə əlavə və dəyişikliklər gözlənilirmi?

Əvvəllər qida məhsullarının təhlükəsizliyinə nəzarət, əsasən, sertifikatların mövcudluğuna nəzarətlə məhdudlaşırdı. Bu isə məhsulların təhlükəsizliyindən və risklərin idarə edilməsindən çox, sertifikatların mövcudluğuna nəzarəti təmin edir. Bundan sonra qida məhsullarının təhlükəsizliyinə nəzarət qida zəncirin hər bir mərhələsində risk əsaslı həyata keçirilən inspeksiyalar, həmçinin mütəmadi qaydada aparılan müayinə, baxış və monitorinqlərə əsaslanacaqdır. Həyata keçirəcəyimiz fəaliyyət bütövlükdə, həm istehlakçıların, həm də sahibkarların hüquqlarının müdafiəsini özündə ehtiva edəcək, bu isə son nəticədə Azərbaycan Respublikasının iqtisadiyyatına müsbət təsirini göstərəcəkdir.

İxrac olunan məhsullar üzrə artıq hər hansısa bir məhsula yox, məhsul partiyasına sertifikat veriləcək. Beləliklə, Azərbaycan Respublikası xaricinə çıxarılan hər bir məhsul partiyasının təhlükəsizliyinə zəmanət AQTA tərəfindən təmin ediləcəkdir.

İdxal əməliyyatları zamanı isə güvənli, təhlükəsiz idxalçılar seçilib, onların fəaliyyətinə müvafiq nəzarət təşkil edildikdən sonra, Respublika ərazisinə yalnız təhlükəsizlik və keyfiyyətinə zəmanət verilən qida məhsullarının daxil olmasına imkan veriləcəkdir.

  • Agentliyin fəaliyyəti həm daxili bazar üçün məhsul istehsal edən şirkətlərin, həm də Azərbaycanda istehsal olunan məhsulları dünya bazarlarına ixrac edən müəssisələrin maraqlarını əhatə edir. Bu baxımdan, şirkətlərin istehsal prosesini yeni tələblərə uyğun qaydada təşkil etmələri üçün nə tövsiyə edərdiniz?

Qida təhlükəsizliyi sisteminin müasir tələblərə uyğunlaşdırılması mühüm məsələlərdən biridir. Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi sistemi mövcud vəziyyət nəzərə alınmaqla beynəlxalq tələblərin və qabaqcıl təcrübələrə əsaslanan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə hesablanıb. Qida təhlükəsizliyinin təminatı sisteminin Avropa İttifaqının və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılması və məhsulların təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi zəruridir. Lakin bu prosesin sahibkarlara və iqtisadiyyata mənfi təsirinin qarşısının alınması məqsədilə, tədricən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən qida zənciri boyunca iştirak edən bütün subyektlərin qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı

  • məsuliyyəti öz üzərlərinə götürmələrini təmin edən mexanizmləri tətbiq etmələri;
  • öz proseslərini beynəlxalq təcrübədən faydalanmaqla təşkil etmələri;
  • ümumi nəzarət sistemi yaratmaları

tövsiyə edilir.  Xüsusilə, istehsal fəaliyyəti ilə məşğul olan müəssisələrin öz fəaliyyətlərini HACCP sisteminə uyğunlaşdırması məqsədəuyğundur. Bütün bunlar son nəticədə həm daxili bazarda qida təhlükəsizliyi təmin edəcək, həm də məhsullarını dünya bazarlarına ixrac edən müəssisələri fəaliyyətlərini asanlaşdırmaqla, stimullaşdıracaqdır.

  •  “CaspianAgro” /” Worldfood Azerbaijan” sərgiləri haqqında nə deyə bilərsiniz? Sizcə, istehsalçı şirkətlərin belə sərgilərdə iştirakı nə dərəcədə vacibdir?

Əlbəttə belə sərgilərin təşkili qida sənayesinin inkişafı üçün olduqca əhəmiyyətlidir. Qida sənayesi sərgisi mütəxəssislər arasında ənənəvi görüş yeridir. Həmçinin qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunması, eləcə də potensial müştərilərin tapılması, biznes tərəfdaşları ilə mövcud əlaqələrin möhkəmləndirməsi baxımından, yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı bir platformadır. Belə sərgilərin təşkili ölkələrin mövcud potensialının nümayiş etdirilməsi, yeni texnologiyaların ötürülməsi və işgüzar münasibətlərin qurulmasında müstəsna rol oynayır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN